Mediada yer alan məlumata görə, yanvar ayının 7-də Cəfər Xəndan küçəsi 23C ünvanda yerləşən “Bağçalı Saray” şadlıq sarayının həyətində fəaliyyət göstərən eyniadlı restoranda hüquq-mühavizə orqanları tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı 40-a yaxın insanın saxlanıldığı bildirilir.
İlkin məlumata görə, restorandakı kabinetlərin birində qumar oyunları təşkil edilib. Adıçəkilən restoranın Kərəm Həsənova məxsus olduğu iddia olunur.
Şübhəsiz, polis əməkdaşları tərəfindən belə bir əməliyyatın keçirilməsi qanunun aliliyinin qorunması, qanunsuz hallara qarşı mübarizə baxımından mühüm əhəmiyyətə malikdir. Bu hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığından, peşəkarlığından xəbər verir. Lakin baş verənlər göstərir ki, DİN qanun pozuntuları ilə yanaşı, həm də qeyri-əxlaqi davranışlara, milli-mənəvi dəyərlərə zidd hərəkətlərə qarşı mübarizə aparır. Buna nümunə olaraq 2025-ci ildə DİN tərəfindən dini radikalizmi və kriminal həyat tərzini təbliğ edən 954, narkotik vasitələrin onlayn satışı ilə məşğul olan 769, pornoqrafik materiallar yayan 272, kompüter sistemlərinə zərər vurub viruslar yayan 189, qanunsuz idman mərc oyunları təşkil edən 1 131, ümumilikdə 3 315 sayt, sosial şəbəkə hesabı və səhifənin aşkarlanaraq bloklanmasını göstərmək olar. DİN-nin blokladığı bu səhifələr arasında qanunun tələbləri ilə yanaşı, həm də milli-mənəvi dəyərlərimizi pozan səhifələr mövcud olub. Hansı ki, bu səhifələrin bloklanması mill-mənəvi dəyərlərimizə zidd halların təbliğinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb etməkdədir.
Hüquq-mühafizə orqanları tərəfindən “Bağçalı Saray” restoranında aparılan əməliyyat sadəcə qanun pozuntularına deyil, həm də milli-mənəvi dəyərlərə zidd halların qarşısının alınması deməkdir. Bu əməliyyat qumar kimi zərərli vərdişin təbliği və yayılmasının önlənilməsinə xidmət edir ki, bunun özü də milli-mənəvi dəyərlərimizin qorunması deməkdir.
Xatırladq ki, Prezident İlham Əliyev bir çox çıxışlarıdna milli-mənəvi dəyərlərin qorunub saxlanılmasının vacibliyinə toxunub, bu dəyərlərin xalqımızın milli özünəməxsusluğunun göstəricisi olduğunu vurğulayıb. Dövlət başçısı dəfələrlə bildirib ki, 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillərdən biri gənclərimizin milli-mənəvi dəyərlərə bağlılığı olub. Buna nümunə olaraq dövlət başçısının 10 may 2025-ci il tarixində Ağdam Muğam Mərkəzinin açılışındakı nitqini göstərmək olar. Dövlət başçısı həmin çıxışında deyib: “44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Bu, bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Qələbəmizi bir çox amillər şərtləndirdi. Biz son dörd il yarım ərzində bu barədə dəfələrlə danışmışıq, fikirlərimizi bölüşmüşük.
Bütün bunlar cəmiyyətdə birmənalı qəbul edilir: siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü Ordu, vətənpərvərlik və gənc nəsil – milli ruhda tərbiyə olunan, bu torpaqları heç vaxt görməyən gənc nəsil. Bu torpaqları heç vaxt görməyənlərin, müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş insanlar idi. Onları doğma torpağa çəkən o tarixi bağlar – bütün bu və digər amillər bizim Qələbəmizi şərtləndirdi və biz mütləq və tam Qələbə qazandıq”.
Bütün bu faktlar nə vaxt, hansı şəraitdə, hansı məkanda baş verməsindən asılı olmayaraq milli-mənəvi dəyərlərimizə zidd olan halların qarşısının alınmasının vacibliyini göstərir. Bu baxımdan “Bağçalı Saray” restoranında güc orqanlarının həyata keçirdiyi əməliyyatın göründüyündən daha çox önəm kəsb etdiyi birmənalıdır.









