Bu ilin yanvar ayında Azərbaycana 202 milyon 419,2 min ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edilib. Rəsmi statistikaya əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq idxalının dəyəri cüzi – cəmi 0,3 faiz və ya 666 min dollar azalıb. Struktur baxımından idxalda maraqlı mənzərə formalaşıb. Dəyər ifadəsində ən böyük pay meyvə və tərəvəzə məxsus olub, miqdar baxımından isə buğda liderliyini qoruyub. “Yeniavaz” açıqlanan rəsmi məlumatlara istinadən xəbər verib ki, yanvar ayında ölkəyə 37,9 min ton meyvə-tərəvəz gətirilib və bu məhsulların ümumi gömrük dəyəri 33,4 milyon dollar təşkil edib. Beləliklə, idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının orta gömrük dəyəri 1,5 manat (0,88 dollar) olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvarında bu göstərici 1,26 manat (0,74 dollar) idi. Bu isə illik müqayisədə artımın qeydə alındığını göstərir.
Son iki ilin yanvar aylarının göstəricilərinin təhlili göstərir ki, bəzi məhsullar üzrə ciddi qiymət dəyişiklikləri baş verib. Gömrük dəyəri ən çox artan məhsul süd və qaymaq olub – illik artım 27,1 faiz təşkil edib. Əksinə, ən böyük ucuzlaşma düyü üzrə qeydə alınıb. İdxal olunan düyünün orta gömrük dəyəri son bir ildə 21,2 faiz azalıb.
Lakin diqqət çəkən əsas məqam ondan ibarətdir ki, gömrük dəyərində azalma daxili bazarda qiymətlərin ucuzlaşmasına səbəb olmayıb. Məsələn, idxal olunan kərə yağının orta gömrük dəyəri illik müqayisədə 4,9 faiz aşağı düşsə də, pərakəndə satış qiyməti 10 faiz və ya 2,1 manat artıb. Eyni vəziyyət düyü bazarında da müşahidə olunur: gömrük dəyəri 21,2 faiz azaldığı halda, daxili bazarda satış qiyməti 1,2 faiz və ya 9 qəpik yüksəlib.

Digər tərəfdən, yanvar ayında qlobal ərzaq qiymətləri ardıcıl beşinci dəfə azalıb. Məlumata görə, ümumi ərzaq qiymətləri indeksi dekabr ayı ilə müqayisədə 0,4 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,6 faiz aşağı düşüb. Qiymətlərin enməsi əsasən süd məhsulları, şəkər və ət üzrə kotirovkaların ucuzlaşması ilə bağlı olub. Bununla belə, ayrı-ayrı məhsul qruplarında fərqli dinamika müşahidə edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) taxıl indeksi yanvar ayında 0,2 faiz artıb. Buğda və qarğıdalı üzrə dünya qiymətlərində cüzi azalma qeydə alınsa da, ümumi indeksdə artım baş verib. Böyük buğda ehtiyatları Rusiya və ABŞ-də payızlıq əkinlər üçün hava risklərinin təsirini kompensasiya edib. Düyü üzrə qiymət indeksi isə 1,8 faiz yüksəlib. Bitki yağlarının qiymət indeksi 2,1 faiz artaraq yüksəliş nümayiş etdirib. Cənub-Şərqi Asiyada istehsalın mövsümi azalması və davamlı idxal tələbi fonunda palma yağının qlobal qiymətləri artıb. Cənubi Amerikadan ixracın azalması və ABŞ-da bioyanacağa yüksək tələbat soya yağının bahalaşmasına səbəb olub. Qara dəniz regionunda təklifin məhdudlaşması günəbaxan yağının da qiymətini yüksəldib. Eyni zamanda Avropa İttifaqına yüksək idxal həcmi səbəbindən raps yağının qiymətində azalma qeydə alınıb.

Ət qiymətləri indeksi də 0,4 faiz aşağı düşüb. Qlobal bazarda təklif bolluğu və zəif tələbat səbəbindən donuz əti ucuzlaşıb. Bununla yanaşı, Braziliyada məhsulun bahalaşması və yüksək ixrac tələbatı quş ətinin qiymətlərini artırıb. Mal və qoyun əti üzrə qiymətlər sabit qalıb. Braziliyadan Çinə tədarükün artması ABŞ tərəfindən rüsumsuz kvotanın sürətlə doldurulmasının təsirini kompensasiya edib. Süd məhsulları üzrə qiymət indeksi də 5 faiz enib. Təklifin kifayət qədər olması nəticəsində pendir və kərə yağı ucuzlaşıb. Bununla belə, Yaxın Şərq, Şimali Afrika və Asiyanın bəzi regionlarında tələbatın bərpası fonunda yağsız quru südün qiymətləri artıb.
Şəkər qiymətləri indeksi 1 faiz azalıb. FAO bunu cari mövsümdə qlobal təklifin artacağı ilə bağlı gözləntilərlə əlaqələndirir. Hindistanda istehsalın bərpası, Tailand üçün əlverişli proqnozlar və Braziliyada müsbət dinamika qiymətlərin aşağı düşməsinə təsir göstərib.
Təşkilat qlobal taxıl istehsalı ilə bağlı yenilənmiş proqnozunu da açıqlayıb. Bildirilib ki, ümumi istehsal həcmi 3,023 milyard tona çatacaq ki, bu da rekord göstərici hesab olunur. Artım əsasən Kanada və Avropa İttifaqında buğda məhsulunun gözləniləndən yüksək olması, həmçinin Çin və ABŞ-də qarğıdalı əkin sahələrinin genişlənməsi və məhsuldarlığın artması ilə bağlıdır. Düyü istehsalının da Hindistan, Banqladeş, Braziliya, Çin və İndoneziya hesabına yüksələcəyi proqnozlaşdırılır.








