17 may 2026-cı il tarixində Bakıda start götürən Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) uğurla davam edir.
Moderator.az olaraq “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə WUF13 və onun tarixi əhəmiyyətini şərh etməyə çalışdıq:
-Səmyar bəy, öncə WUF13-lə bağlı təəssüratlarınızı bilmək istərdik. Sizcə Forumun yüksək səviyyədə təşkili dövlətimizin beynəlxalq aləmdəki nüfuzu və təşkilatçılıq qabiliyyəti haqqında nə deyir?
– WUF13-ün bütün gözləntilərin fövqündə dayandığı və beynəlxalq miqyasda böyük marağa səbəb olduğu göz önündədir. Foruma 182 ölkədən 40 mindən çox iştirakçının qatılması faktı bunun isbatıdır.
Dünya mediasına nəzər salsaq görərik ki, bu gün beynəlxalq medianın əsas mövzusu WUF13 və bu Forumda səsləndirilən təkliflər, gələcəyə yönəlik çağırışlar və müzakirəyə çıxarılan təcrübələrdir.
WUF13-lə bağlı diqqət çəkən məqamlardan biri də Azərbaycanın bu Forumu yüksək səvəiyyədə təşkil etməsidir. Hansı ki, bu fakt bütün iştirakçı dövlətlərin təmsilçiləri tərəfindən məxsusi olaraq qeyd olunmaqda, təsdiqlənməkdədir. İtaliya, Meksika, Belarus təmsilçiləri, eləcə də tədbirdə iştirak edən BMT nümayəndələri və s. Forumun böyük peşəkarlıqla hazırlandığını, Azərbaycanın bundan əvvəlki tədbirlər kimi bu tədbirə də uğurla ev sahbliyi etdiyini vurğulayıblar. Bütün bu faktlar bir daha onu göstərir ki, Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir və bu sahədə zəngin təcrübəyə malikdir.
Bundan başqa, əksər beynəlxalq təbdirlərə ev sahibliyi etmək üçün məhz Azərbgaycanın seçilməsi bu məsələdə dünya dövlətlrinin və beynəlxalq ictimaiyyətin ölkəmizə olan etimadından xəbər verir.
-Səmyar bəy, Forumda “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi də iştirak edib, müxtəlif tədbirlər keçirib. Mümkünsə, bir qədər də bu barədə məlumat almaq istərdik.
-“Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi olaraq “Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyi ilə birlikdə WUF13 çərçivəsində QHT pavilyonunda iştirak etdik. “Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Şəhərlər və görmə məhdudiyyəti olan şəxslərin müyəssərlik problemləri” layihəsi çərçivəsində “Toxunuş və duyğu şəhəri” adlı təqdimat tədbiri təşkil olundu. WUF13 iştirakçılarına əlilliyi olan şəxslərə yaradılan imkanlar haqqında məlumat verdik.
Bildiyiniz kimi, WUF13-ün əsas məqsədlərindən biri şəhərlərin dayanıqlığı və inkülizivliyinin təmin olunması ilə bağlıdır. Hansı ki, bütün müəssisə və obyektlərdə, infrastruktur və binalarda inklüzivliyin nəzərə alınması, əlillər üçün optimal şəraitin yaradılması bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Biz bu sahədə müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edirik.
WUF13-ün keçirildiyi məkanda bizim bir sıra layihələrimiz təqdim olundu. Biz təqdim olunan Baş plana əsasən taktil döşmələrin tətbiqində iştirak etdik. Görmə əngəlli şəxslərin bu məkanda rahat hərəkəti üçün hər cür imkan yaradıldı.
Eyni zamanda, “Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyi ilə birlikdə maket təqdim etdik. Orada şəhərin inklüzivliklə bağlı əvvəlki və möcud vəziyyəti ilə yanaşı, gələcəkdə görmək istədiyimiz mənzərəni paralel şəkildə təqdim etdik. Bu maketlər tədbir iştirakçıları tərfindən böyük maraq və rəğbətlə qarşılandı.
Tədbirdə çıxış edən Cəmiyyətimizin üzvləri – ADA Universitetinin Biznes Məktəbinin Hüquq və Biznes üzrə professoru Elnur Eyvazov və WUF13 çərçivəsində yaradılmış əməliyyat təşkilatının müyəssərlik üzrə mütəxəssisi Elman Süleymanov görmə məhdudiyyəti olan şəxslərin informasiya məkanına çıxış imkanlarının genişləndirilməsində süni intellekt texnologiyalarının rolundan, müasir assistiv həllərin abilitasiya və reabilitasiya prosesinə təsirindən, eləcə də gələcək texnoloji inkişaf perspektivlərindən bəhs etdilər.
Təqdimat zamanı BDU nəzdində Gənc İstedadlar Liseyinin 10-cu sinif şagirdi, 15 yaşlı Samirə Cəfərli tərəfindən hazırlanmış “Ağıllı taktil yol” və “Tacto Color” layihələri iştirakçılara təqdim edilib.
Samirə Cəfərlinin görmə məhdudiyyəti olan şəxslərin problemlərinə mühəndislik və əlçatanlıq prizmasından yanaşması, innovativ layihələr hazırlaması və öz yaşıdlarını bu fəaliyyətə cəlb etməsi gənclərin sosial problemlərin həllində fəal iştirak potensialını nümayiş etdirən mühüm nümunələrdən biridir.
– Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıqlar və Qərarvermə” tədbirindəki çıxışı da böyük maraq doğurdu. Bu haqda nə deyə bilərsiniz?
-Mayın 19-da WUF tarixində ilk dəfə olaraq QHT-lərin birgə toplantısı keçirildi. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu toplantıda çıxış etdi. Hörmətli Hikmət Hacıyev dövlətin QHT sektoruna olan dəstəyini ifadə etdi, görülən və görülməsi gərəkən işlərə diqqət çəkdi.
Hikmət Hacıyev qlobal əməkdaşlıq məsələsində QHT-lərin daha aktiv rol oynaya biləcəyini vurğulayb, vətəndaş cəmiyyəti institutlatının beynəlxalq əməkdaşlıq sahəsində daha çox aktivlik göstərməsinin zəruriliyini qeyd edib.
Bu fakt bir daha sübut etdi ki, dövlətimiz QHT-lərin bütün digər məsələlərdə olduğu kimi bu müstəvidə də fəaliyyətinə ciddi dəstək verir, vətəndaş cəmiyyəti institutları ilə həmrəylik nümayiş etdirir. Biz buna görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə, cənab Hikmət Hacıyevə bu dəstəyə görə öz təşəkkürümüzü bildiririk.
QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə keçirilən “WUF13 NGO Forum”unda çıxış etdi. Hörmətli Aygün xanım qeyd etdi ki, “dayanıqlı inkişaf və şəhərsalma vətəndaş cəmiyyətinin iştirakı və tərəfdaşlığı olmadan uğur qazana bilməz. Aygün xanım şəhər vizyonunun ictimai etimad, vətəndaş iştirakı və həmrəylik üzərində qurulmasının zəruriliyinə də toxundu.
-Bu gün ölkəmizdə görmə əngəlli vətəndaşların rahat hərəkəti üçün hansı işlər görülür?
-Artıq bəlli bir müddətdir ki, görmə əngəlli vətəndşlarımızın ictimai nəqliyyatda, metro və avtobuslarda, dəmir yolu və avtobus vağzallarında rahat hərəkəri üçün dövlətimizin tərəfindən böyük işlər görülməkdədir. Bu işlərdən biri də taktil döşəmələrin yaradılması ilə bağlıdır. Metro stansiyalarında, mərkəzi dəmir yolu stansiyasında, eləcə də “Sumqayıt”, “Pirşağı” və s. dəmir yolu stansiyalarında bu istiqamətdə daha geniş işlər görülüb. Səsli işıqformaların quraşdırılması, şəhər infrastrukturunun bütün növ əlillər üçün inklüzivləşməsi istiqamətində tədbrlər davam etdirilir.
Xatırladım ki, Azərbaycan regionda bu istiqamətdə mühüm layihələr icra edən qabaqcıl dövlətlərdən biridir. WUF13 iştirakçıları da etiraf etdilər ki, Azərbaycanda inklüzivliyin təmin edilmsi istiqamətində mühüm işlər görülüb. Hnası ki, bütün bu işlər Prezident İlham Əliyevin bilavasitə diqqət mərkəzindədir.
WUF13 iştirakçıları inklüzivliklə bağlı Azərbaycan dövlətinin gördüyü işləri, həyata keçridiyi layihələri diqqətlə izləyir, maraqla təhlil edirlər. Onlar bildirirlər ki, bu layihələri öz ölkələrində də təqdim etməkdə maraqlıdırlar.
Cənab Prezident də çıxşında inklüzivlik amilinə xüsusi diqqət çəkdi, bu istiqamətdə görülən və görüləcək işlər haqqında ətraflı məlumat verdi.
– Bildiyimiz qədəri ilə, WUF13 iştirakçıları “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvü Pərvin Qasımovanın da əl işlərini böyük maraqla qarşıladılar…
-Bəli. Məlumat üçün bildirim ki, Pərvin Qasımova gözlərinin nurunu Vətən müharibəsi zamanı, ermənilərin Gəncə şəhərində həyata keçirdiyi terror aktları nəticəsində itirib. Biz WUF13 çərçivəsində Pərvin Qasımovanın əl işlərini tədbir itirakçılarına hədiyyə etdik. Forum iştirakçıları bu əl işlərinə böyük maraq göstərdilər.
Biz yaxın zamanlarda onun kitabının təqdimatını da edəcəyik və inanıram ki, bu kitab da cəmiyyətimiz tərəfindən böyük maraqla qarşılanacaq.
-Səmyar bəy, şəhərlərdə inklüzivliyin təmin olunması yönündə “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq edirmi?
-Təbii. Biz Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə geniş əməkdaşlıq edirik. Məqsədimiz mövcud qanunvericilik bazasının daha da təkmilləşdirilməsidir. Hesab edirik ki, əlilliyi olan insanlar üçün daha geniş və hərtərəfli imkanlar yaradılmalıdır. Biz bu yöndə bir neçə qanunvericilik təşəbbüsü ilə də çıxış etmişik və bunların bir çoxu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dəstəklənib. Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həm özəl, həm də dövlət qurumlarına tövsiyyə olunur ki, əlilliyi olan vətəndaşlar üçün optimal şərait yaradılsın.
Hazırda əlilliyi olan şəxslərlə bağlı bütün sahə və müstəvilərdə inklüzivliyin təmin olunması əsas hədəflərdən biridir. Biz çalışırıq ki, bu insanlar heç kimin dəstəyi olmadan şəhərdə sərbəst hərəkət edə bilsinlər. Bu, əsasən Bakı şəhəri üçün nəzərdə tutulub. Yəqin ki, gələcəkdə Gəncə, Sumqayıt və digər şəhərlərdə də bu infrastrukturun yaradılması istiqamətində müvafiq addımlar atılacaq.
-Necə hesab edirsiniz, dövlətimizin inklüzivliklə bağlı siyasətinin praktiki şəkildə dəstəklənməsində özəl sektor təmsilçiləri də iştirak etməlidirlərmi?
-Şübhəsiz ki, bu layihələrdə özəl sektorun təmsilçiləri, iş adamları da yaxından iştirak etməli, proseslərə öz töhfələrini verməlidirlər. Çünki bu, hər şeydən öncə dövlət siyasətimizin dəstəklənməsi, əlil vəətndaşlarımız üçün daha rahat ortamın yaradılması deməkdir.
Bundan başqa, inklüzivliklə bağlı layihələrdə iştirak, həm də mənəvi bir tələbatdır. Biz cəmiyyət olaraq dövlətimizin inklüzivliklə bağlı siyasətində yaxından iştirak etməli, imkanımız daxilində bu prosesə töhfə verməliyik. Vətəndaşlıq borcu, insanlıq vəzifəsi bizdən məhz bunu tələb edir.
Seymur ƏLİYEV









