Ermənistan 2026–2031-ci illəri əhatə edən hökumət proqramı çərçivəsində milli kosmik imkanlarını inkişaf etdirməyi planlaşdırır.
Cumhuriyyet.az xəbər verir ki, proqramda ilk dəfə ayrıca strateji hədəf kimi milli kosmik infrastrukturun yaradılması nəzərdə tutulub. Beş il ərzində Ermənistanın ən azı üç peyk əldə edərək istismara verməsi planlaşdırılır.
Bunlardan ikisi Yer səthinin müşahidəsi, biri isə telekommunikasiya peyki olacaq.
Plan yalnız peyklərin alınması ilə məhdudlaşmır. Ermənistan hökuməti paralel olaraq milli yerüstü kosmik infrastruktur yaratmağı, peyklərin idarə olunması və onlardan əldə edilən məlumatların emalı üzrə yerli imkanlar formalaşdırmağı nəzərdə tutur.
Hökumət əldə ediləcək kosmik imkanlardan dövlət qurumları ilə yanaşı, elmi və özəl sektorun da istifadəsini planlaşdırır. Proqramda peyk məlumatlarına və rabitə xidmətlərinə çıxışın təmin edilməsi ayrıca qeyd olunur.
Telekommunikasiya istiqamətində isə Ermənistanda yüksəksürətli peyk genişzolaqlı internetin tətbiqi üçün şərait yaradılması nəzərdə tutulur. Bu xidmət ölkədə inkişaf etdirilən fiber-optik və 5G infrastrukturunu tamamlamalıdır.
Beləliklə, Ermənistanın planı təkcə üç peykin orbitə çıxarılmasını deyil, həm də peyklərin idarə edilməsi, məlumatların emalı və peyk rabitəsindən istifadə üçün milli kosmik ekosistemin formalaşdırılmasını əhatə edir.









