Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

98 saylı uşaq bağçası: Əsassız ittihamlar və bir valideynin gördüyü həqiqət

Sentyabr 2, 2026
A A

REDAKTORUN SEÇİMİ

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 26 / 17:44
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

19 Avqust 26 / 13:03
Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 26 / 14:16
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43

Son günlər 98 saylı uşaq bağçası ilə bağlı mətbuatda və sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılır.

Bir uşağın qanında psixotrop maddənin aşkarlandığı bildirilir və məsələ ətrafında ciddi müzakirələr gedir. Hadisə tam aydınlaşdırılmayıb, araşdırmanın nəticələri və bütün faktlar ortaya qoyulmayıb. Buna baxmayaraq, bəzi yazılarda məsələ artıq ittiham müstəvisində təqdim olunur. Halbuki belə həssas məsələlərdə ehtimal ilə faktın, iddia ilə sübutun sərhədini qorumaq xüsusilə vacibdir.

Mən də bir valideynəm. Uşaqla bağlı yayılan belə bir xəbərin hər bir valideyni narahat etməsini çox yaxşı anlayıram. Həmin hadisənin ən xırda detalına qədər araşdırılmasını, həqiqətin ortaya çıxmasını istəyirəm. Əgər ortada günah varsa, onu müəyyənləşdirmək və məsuliyyət daşıyan şəxslər barədə qərar vermək aidiyyəti qurumların işidir. Burada söhbət uşaqdan gedirsə, həqiqətin üzə çıxmasında hamıdan çox valideynlər maraqlı olmalıdır. Mən də onlardan biriyəm. Amma araşdırma başa çatmamış bir hadisədən bütöv bir kollektiv haqqında hökm çıxarmaq da ədalətli deyil. Çünki ittiham etmək asandır. Bir insanın, bir müəllimin, bir kollektivin illərlə qazandığı etimadı bir neçə cümlə ilə şübhə altına almaq da asandır. Çətin olan faktı gözləmək, həqiqəti bütün tərəfləri ilə görmək və yalnız bundan sonra danışmaqdır. Ədalət təkcə günahkarın məsuliyyət daşıması deyil, günahsızın da əsassız ittihamdan qorunmasıdır.

Mən isə bu bağça haqqında kənardan eşitdiklərimi deyil, öz gördüklərimi danışmaq istəyirəm. Övladım, ailəmizin son beşiyi Oğuz həmin bağçaya gedir. Çox vaxt onu özüm aparıram. Oradakı kollektivi, müəllimələrin uşaqlarla davranışını, münasibətini illərdir gözlərimlə görürəm və bir valideyn kimi çox razıyam. Ona görə də bu gün susmağı özümə yaraşdırmadım. Çünki haqqında danışılan yer mənim üçün sadəcə “98 saylı uşaq bağçası” yazılan bir bina deyil. Orada mənim uşağımın həyatının çox mühüm bir dövrü keçib. O qapının arxasında bizim ailəmizin uzun müddət gözlədiyi bir dəyişiklik baş verib. Bu yazıda söylədiklərim də məhz həmin şəxsi təcrübəyə, illər ərzində gördüklərimə və öz övladımda müşahidə etdiyim dəyişikliklərə əsaslanır.

Oğuz danışa bilmirdi. Heç bir cümlə qurmurdu. İstəklərini sözlə deyil, əsasən hərəkətləri ilə ifadə edirdi. Psixoloqa apardım. Nitq problemi ilə məşğul olan mütəxəssislərə müraciət etdim. Bir valideyn kimi əlimdən gələni etməyə çalışdım. Amma istədiyimiz normal nəticəni əldə edə bilmirdik. Valideyn üçün bu çox ağır bir hissdir: Övladının gözünün içinə baxırsan, onun sənə nəsə demək istədiyini hiss edirsən, amma sözünü eşidə bilmirsən. Uşaq istəyini əli ilə göstərir, hərəkəti ilə anlatmağa çalışır, sən isə onun bircə cümləsinin həsrətini çəkirsən.

Başqaları üçün uşağın danışması həyatın adi bir mərhələsidir. Bizim üçün isə Oğuzun bir gün cümlə qurması böyük bir arzuya çevrilmişdi. Bəlkə də buna görə sonradan eşitdiyimiz hər yeni sözün, hər yeni cümlənin bizim üçün hansı mənanı daşıdığını yalnız bunu yaşayan valideyn anlaya bilər.

Bizə dedilər ki, uşağı bağçaya, kollektiv arasına aparmaq lazımdır. 98 saylı uşaq bağçasının müdiri Elnurə Əliyeva ilə görüşdük. Ona vəziyyəti olduğu kimi izah etdim. Bizi xoş qarşıladı. Oğuzla görüşdü, onunla maraqlandı. Elnurə xanımın uşağa göstərdiyi həmin diqqət məni sevindirdi. İçimdə ümid yarandı. Bəzən ümid böyük vədlər yaratmır. Qarşındakı insanın səni diqqətlə dinləməsi, uşağına sadəcə sənəddə yazılan ad-soyad kimi deyil, bir insan kimi yanaşması kifayət edir. Mən həmin ilk görüşdə bunu hiss etdim.

Qeydiyyatdan keçdik və Oğuzu bir qrupa yönləndirdilər. Orada tərbiyəçiləri Pərvanə xanım və Aytəkin xanımla tanış olduq. Oğuz bağçaya başladı. Nadinc, ünsiyyət qurmayan, danışmayan uşaq qısa müddətdən sonra dəyişməyə başladı. Dəyişiklik birdən-birə baş vermədi, amma biz hər həftə onun davranışında yeni bir irəliləyiş görürdük.

Burada xüsusilə həmin müəllimələrin əməyindən danışmamaq haqsızlıq olardı. Uşaq bağçasında tərbiyəçi olmaq yalnız səhər uşağı qarşılayıb, axşam valideyninə təhvil vermək deyil. Hər gün müxtəlif xarakterli uşaqlarla işləmək, ağlayanı sakitləşdirmək, küsəni barışdırmaq, yemək istəməyəni yedirtməyə çalışmaq, ünsiyyət qurmayanı kollektivə qatmaq, danışmağa çətinlik çəkənin bir kəlməsini belə səbirlə gözləmək böyük zəhmət tələb edir.

Bir uşağa əlifbanı, rəngi, rəqəmi öyrətmək mümkündür. Amma uşağın sənə etibar etməsini dərslikdən öyrətmək mümkün deyil. Bunun üçün sevgi, səbr və nəvaziş lazımdır. Mən Pərvanə xanımın və Aytəkin xanımın Oğuzla davranışında məhz bunu gördüm. Onların uşaqlarla maraqlanması, münasibəti, qayğısı Oğuzu bağçaya bağladı. Əslində, bağça müəlliməsinin əməyi çox vaxt görünməyən əməkdir. Valideyn səhər övladını qapıdan içəri ötürür, axşam gəlib aparır. Amma bu iki qapı açılışı arasında müəllimənin neçə dəfə uşağın əlindən tutduğunu, neçə dəfə göz yaşını sildiyini, neçə dəfə eyni sözü təkrar etdiyini, neçə dəfə “bacaracaqsan” deyib onu ruhlandırdığını çox vaxt görmürük. Biz yalnız axşam uşağımızı götürəndə həmin zəhmətin nəticəsini onun əhvalında, danışığında və davranışında hiss edirik.

Bir qrupda hər uşağın ayrıca dünyası var. Birinin anası üçün burnunun ucu göynəyir, biri oyuncağını paylaşmaq istəmir, biri özünə qapanır, biri yerində dayanmır, digəri danışmaq istəyir, amma sözünü ifadə edə bilmir. Müəllimə isə bütün bu fərqli dünyaların hər birinə ayrıca yol tapmalıdır. Birinə ana nəvazişi, digərinə müəllim səbri, başqasına dost münasibəti göstərməlidir. Bəlkə də bu peşənin ən ağır və eyni zamanda ən gözəl tərəfi elə budur: qarşındakı uşaqların hamısına eyni qayğı ilə yanaşmaq, amma hər birinin fərqli olduğunu unutmamaq.

Bağça yaşında uşağın qəlbinə zorla yol tapmaq mümkün deyil. Uşaq böyüklərin düşündüyündən daha həssasdır. Ona kimin səmimi yanaşdığını, kimin sevgisinin həqiqi olduğunu çox tez hiss edir. Bir müəllimənin qucağına qaçırsa, səhər onu görəndə sevinirsə, axşam ayrılmaq istəmirsə, bunun arxasında uşağın öz dili ilə ifadə edə bilmədiyi böyük bir etibar dayanır. Məncə, azyaşlı uşağın münasibətində saxtakarlıq üçün yer yoxdur; onun reaksiyası çox vaxt böyüklərin uzun-uzadı izahından daha aydın olur.

Mən bu etibarı Oğuzda gördüm. Oğuzun Pərvanə xanıma və Aytəkin xanıma bağlanması bir gündə yaranmadı. Bunun arxasında günlər, həftələr, aylar boyu göstərilən diqqət vardı. Bir uşağın danışmasını səbirlə gözləmək, onu başqa uşaqlardan ayırmamaq, əksinə, kollektivə qatmağa çalışmaq, hər kiçik irəliləyişini görmək və onu həvəsləndirmək vardı. Danışmayan uşağa “niyə danışmırsan?” demək asandır. Çətin olan onun susqunluğunun içində nə demək istədiyini anlamağa çalışmaqdır. Ünsiyyət qurmayan uşağı bir kənarda qoymaq asandır. Çətin olan onun əlindən tutub başqa uşaqların arasına aparmaq, oyuna qoşmaq, özünü həmin kollektivin bir parçası kimi hiss etdirməkdir. Pərvanə xanım və Aytəkin xanım Oğuz üçün məhz bunu etdilər. Onlar yalnız onun danışmasını gözləmədilər, danışmağa səbəb yaratdılar. Uşaqlarla ünsiyyət qurmasına şərait yaratdılar. Onu oyunlara, məşğələlərə, kollektiv həyatına qatdılar. Oğuz yavaş-yavaş öz qapalı dünyasından çıxmağa başladı. Əvvəl müəlliməsinə, sonra uşaqlara, daha sonra ətrafındakı insanlara açıldı.

Bəzən bir uşağın həyatındakı böyük dəyişikliklər çox kiçik görünən məqamlardan başlayır. Müəllimənin onun adını mehribanlıqla çağırmasından, əlindən tutmasından, dediyi yarımçıq bir sözü səbirlə dinləməsindən, bacardığı kiçik bir işə görə onu tərifləməsindən… Böyük nəticələrin arxasında çox vaxt məhz belə, kənardan görünməyən yüzlərlə xırda zəhmət dayanır. Biz valideynlər nəticəni görürük. Uşaq evə gəlir və yeni bir söz deyir. Bir gün baxırsan ki, əvvəllər etmədiyi bir hərəkəti edir. Sonra bir cümlə qurur. Sabah başqa bir uşaqdan danışır. Bir müddət keçir və qarşında əvvəlkindən tamam fərqli, ünsiyyətə açıq bir uşaq görürsən.

Amma həmin nəticənin arxasında bağçada keçirilən neçə saatın, neçə təkrarın, neçə səbirli söhbətin, neçə dəfə göstərilən qayğının dayandığını bəzən yalnız müəllimə özü bilir. Oğuzda baş verən dəyişiklikləri gördükcə mən bunu daha yaxşı anladım. Bir zamanlar fikrini hərəkətləri ilə anlatmağa çalışan uşağın dilindən sözlər eşitməyə başladıq. Sonra həmin sözlər cümlələrə çevrildi. Əvvəllər ünsiyyətdən qaçan uşaq yavaş-yavaş uşaqlara qarışdı, dostluq etməyə başladı. Bağçaya getmək onun üçün məcburiyyət deyil, sevinc oldu. Valideyn üçün bundan böyük minnətdarlıq səbəbi ola bilərmi? Sən səhər övladını bir insanın əlinə etibar edib gedirsən. Axşam isə həmin insanın ona yalnız nəzarət etmədiyini, uşağının həyatına yaxşı mənada toxunduğunu görürsən.

Müəllimlik bəlkə də elə budur və uşağın həyatına toxunmaq, amma bunu səs-küysüz etmək. Özü görünmədən nəticəsi görünən bir zəhmət. Bu zəhmətin nə reklamı olur, nə də hər gün haqqında yazılır. Bir tərbiyəçinin uşağa yüz dəfə eyni sözü təkrar etməsi xəbər olmur. Ağlayan uşağı qucaqlayıb sakitləşdirməsi xəbər olmur. Danışmaqda çətinlik çəkən uşağın ilk düzgün cümləsinə onun valideyni qədər sevinməsi də çox vaxt heç kimin xəbəri olmadan keçir.

Amma bir uşağın həyatında izi qalır. Ona görə Pərvanə xanım və Aytəkin xanım haqqında danışarkən mən yalnız “övladımın müəllimələri” demək istəmirəm. Onlar Oğuzun həyatının çox həssas bir dövründə onun yanında olmuş, ünsiyyətə açılmasına, kollektivə qarışmasına və özünü ifadə etməsinə böyük əmək sərf etmiş insanlardır.

Biz onların işini kağız üzərindəki hesabatlardan tanımadıq. Biz onu öz uşağımızda gördük. Oğuzun dəyişən davranışında gördük. Onun açılan dilində gördük. Səhərlər bağçaya getmək üçün tələsməsində gördük. Axşam müəlliməsindən ayrılmaq istəməməsində gördük. Bəzən müəllimin gördüyü işin ən böyük qiyməti diplomda, təşəkkürnamədə, hesabatda yazılmır. O qiymət bir uşağın ona necə baxdığında, əlindən necə tutduğunda, səhər onu görəndə üzünün necə güldüyündə görünür.

Oğuzun üzündə həmin münasibəti mən dəfələrlə görmüşəm. Bir ata kimi mənim üçün müəllimələrinin əməyinə veriləcək ən böyük qiymət də elə budur. Oğuzun danışmadığını bilirdilər. Onu kənarda qoymadılar. Əksinə, uşaqlara qarışdırmağa, ünsiyyətə çəkməyə, özünü ifadə etməsinə imkan yaratmağa çalışdılar. Onun hər kiçik irəliləyişinə səbrlə yanaşdılar.

Və bir müddət sonra danışmayan uşağımız danışmağa başladı. Əvvəl sözlər gəldi. Sonra həmin sözlər bir-birinə qoşuldu. Ardınca cümlələr yarandı. Oğuzun içində sanki uzun müddət bağlı qalmış bir qapı açılırdı. Bunu yazmaq asandır: “Uşaq danışmağa başladı”. Amma həmin cümlənin bizim ailə üçün nə qədər böyük məna daşıdığını sözlə ifadə etmək çətindir. Çünki biz o səsi uzun müddət gözləmişdik. Bəlkə də bu səbəbdən həmin səs bizim üçün sadəcə uşağın danışması deyil, illərlə gözlədiyimiz bir sevincin səsi idi. Ünsiyyət qurmayan uşaq insanlarla danışmağa, uşaqlarla qaynayıb-qarışmağa başladı.

Bir vaxtlar bağçaya necə uyğunlaşacağını düşündüyümüz Oğuz indi bağçaya həvəslə gedir. Bir gün evdə qalsa, az qala evi dağıdır ki, məni bağçaya aparın. Axşam isə evə güclə gətiririk. Məncə, uşağın verdiyi qiymətdən daha dürüst qiymət yoxdur. Uşağı kamera qarşısında danışdırmaq olar, böyüyə müəyyən sözlər söylətmək olar, hesabat yazmaq olar. Amma balaca uşağı hər səhər sevmədiyi bir yerə sevinə-sevinə qaçmağa məcbur etmək mümkün deyil.

Uşaq harada sevildiyini hiss edir. Harada ona nəvaziş göstərildiyini anlayır. Harada özünü rahat və güvəndə hiss edirsə, ora bağlanır. Oğuz bağçasına bağlandı. İndi danışır, ünsiyyət qurur, cəmiyyətə alışıb. Hər dəfə həm müdir Elnurə xanımın, xüsusən də tərbiyəçilərinin Oğuza diqqətini və qayğısını görmüşük.

Biz bəzən öz aramızda bir cümlə işlədirik: bizim uşağı, bir sözlə, sağaltdılar. Əlbəttə, bunu tibbi diaqnoz və ya tibbi müalicə mənasında demirəm. Demək istədiyim budur ki, bağça mühiti, müəllim qayğısı, diqqət və ünsiyyət bizim uşağımızda çox böyük dəyişiklik yaratdı. Bu ifadəni yalnız bir valideynin yaşadığı dəyişiklik qarşısındakı sevincinin və minnətdarlığının ifadəsi kimi işlədirəm.

Müəllim qayğısı, diqqəti, nəvazişlə yanaşması uşağımızı ünsiyyətcil etdi, uşaqlarla qaynayıb-qarışmağı öyrətdi. İndi Oğuz normal danışır. Bir zamanlar istəyini əli ilə göstərən uşaq bu gün bizimlə söhbət edir. Bir zamanlar uşaqlara qarışmayan Oğuz bu gün dostlarının yanına tələsir. Bunun arxasında təkcə zamanın keçməsi yox, hər gün uşağın əlindən tutan, ona söz deməyə imkan verən, səhv edəndə danlamaq əvəzinə yenidən cəhd etdirən insanların da zəhməti var. Mən bir valideyn kimi həmin zəhməti görmüşəm və onu dana bilmərəm.

Oğuzun artıq 5 yaşı tamam olub. Orta məktəbə, məktəbəqədər hazırlığa getməli olduğu yaşdadır. Amma biz onu bağçadan ayırmadıq. Qoy bağçaya getsin. Niyə? Müəllimələrinin və bağça rəhbərliyinin münasibətinə görə. Çünki gördük ki, Oğuza həmin mühit daha yaxşı təsir bağışlayır.

Evdə səhər yeməyi yeməyən uşaq səhər yeməyini orada yemək üçün bağçaya qaçır. Bəlkə də bu, yazdığım bütün cümlələrdən daha təsirli faktdır. Evdə süfrə arxasında oturtmağa çalışdığımız uşaq səhər tezdən bağçaya çatmağa tələsir. Çünki orada onu gözləyən bir mühit var. Bu da həmin bağçanın, kollektivin uşaqlara sevgi ilə yanaşmasından irəli gəlir. Uşaqlar oranı sevir, həvəslə gedirlər. Ən azı mən öz övladımda bunu hər gün görürəm və bu yazıda da yalnız şahidi olduğum həqiqəti bölüşürəm.

Bu gün mətbuatda 98 saylı uşaq bağçasının adı bir hadisə ilə yanaşı çəkilir. Mən isə istəyirəm ki, həmin adın arxasında çalışan insanların illərlə gördüyü iş də unudulmasın. Bir müəllim illərlə uşağın əlindən tutur. Onun göz yaşını silir. Yeməyini yedirdir. İlk şeirini öyrədir. İlk dostluğuna şahid olur. Danışmağa çətinlik çəkən uşağın bir kəlməsi üçün bəzən valideyni qədər sevinir. Sonra bir gün bir xəbər yayılır və həmin illərin zəhməti bir neçə saatın içində şübhə altına düşür. Təbii ki, illərlə görülən yaxşı iş mümkün bir qanun pozuntusunun araşdırılmasına maneə ola bilməz. Amma araşdırılan bir iddia da həmin illərin bütün zəhmətini avtomatik olaraq yox saymamalıdır.

Əgər ortada cinayət, səhlənkarlıq və ya başqa qanun pozuntusu varsa, bunu araşdırmaq lazımdır. Həm də sonadək. Uşaqdan söhbət gedirsə, heç bir məsələ ört-basdır edilməməlidir. Amma eyni prinsipin o biri tərəfi də var: sübut olunmamış ittiham da hökmə çevrilməməlidir. Həqiqət nə gizlədilməli, nə də qabaqlanmalıdır. Hər iki halda zərər görən ilk növbədə ədalət olur.

Bir hadisə araşdırılarkən günahsız insanların illərlə çəkdiyi zəhmətin üzərindən də xətt çəkilməməlidir. Mən istəmirəm kimsə mənim sözümə kor-koranə inansın. İstəyən özü gedib öz gözü ilə görə bilər.

Uşaqların bağçaya necə gəldiyinə baxsın. Müəllimələrinə münasibətlərini görsün. Axşam valideyn gələndə evə getmək istəməyən uşaqlara baxsın. Çünki bəzi həqiqətlər kabinetdə yazılan cümlələrdə deyil, uşağın davranışında görünür. Əlbəttə, bir uşağın münasibəti araşdırmanın nəticəsini əvəz etmir. Amma bir kollektiv haqqında ümumi fikir formalaşdırarkən valideynlərin uzunmüddətli müşahidələrinin də eşidilməyə haqqı var. Mən heç kimin adından danışmıram. Yalnız bir atanın, bir valideynin gördüyünü deyirəm. Nə istintaq aparıram, nə də kiminsə əvəzinə hökm verirəm. Sadəcə, ictimai müzakirədə mənim də şahidi olduğum tərəfin görünməsini istəyirəm. Mənim sübutum övladımın keçdiyi yoldur. Bir vaxtlar danışmayan Oğuz bu gün danışır.

Bir vaxtlar ünsiyyət qurmayan Oğuz bu gün insanlarla qaynayıb-qarışır. Bir vaxtlar öz dünyasına çəkilən Oğuz bu gün səhər açılan kimi bağçasına, müəllimələrinin yanına getmək istəyir.

Mətbuatın vəzifəsi həqiqəti axtarmaqdır. Amma həqiqət yalnız ittiham edilən bir hadisədən ibarət olmur. Həqiqətin başqa üzü də var: illərlə səssiz-səmirsiz görülən zəhmət, müəllim qayğısı, uşağın həyatında yaranan dəyişiklik və bunu hər gün öz gözləri ilə görən valideynlər. İctimaiyyətin məlumat almaq haqqı olduğu kimi, haqqında ağır iddialar səsləndirilən insanların da faktlar tam müəyyənləşənədək qərəzsiz münasibət görmək haqqı var.

Bu yazını kimisə müdafiə etmək üçün deyil, öz gördüyümü demək üçün yazıram. Araşdırma aparılsın, həqiqət ortaya çıxsın, günahı olan varsa, məsuliyyətini daşısın. Amma günahı sübut edilməyən insanlara da əvvəlcədən hökm oxunmasın. Çünki ittihamın səsi həmişə gur çıxır. Müəllim zəhmətinin isə çox vaxt səsi olmur.

O zəhmətin səsi bəzən bir uşağın dilindən çıxan ilk cümlə olur. Biz o səsi öz evimizdə eşitdik. O səs Oğuzun səsi idi. Və biz bunu başqalarından eşitmədik. Biz bunu öz övladımızın timsalında gördük, yaşadıq və bu gün də yaşayırıq. Mənim bu yazıda demək istədiyim də budur: araşdırma öz yoluyla getsin, həqiqət bütün çılpaqlığı ilə üzə çıxsın, amma o vaxta qədər bir uşağın və bir valideynin yaşadığı başqa həqiqət də eşidilmədən qalmasın.

Samir Əsədli

“Cebheinfo.az”

Əvvəlki Yazı

Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

EKSKLUZİV

98 saylı uşaq bağçası: Əsassız ittihamlar və bir valideynin gördüyü həqiqət

98 saylı uşaq bağçası: Əsassız ittihamlar və bir valideynin gördüyü həqiqət

02 Sentyabr 2026 / 16:12
5
Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

02 Sentyabr 2026 / 15:00
0
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib

Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib

02 Sentyabr 2026 / 14:45
0
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

02 Sentyabr 2026 / 14:35
1

XƏBƏR LENTİ

98 saylı uşaq bağçası: Əsassız ittihamlar və bir valideynin gördüyü həqiqət

Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

Azərbaycanla Qırğızıstan arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiq edilib – FƏRMAN

Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq

Prezident hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb

Sabahın hava proqnozu açıqlanıb

Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydası təsdiqlənib

Süleyman Mikayılovun keçmiş işçilərinə hökm oxundu

Regionlarda həkim çatışmazlığına son qoyulur – Əlavə pul ödəniləcək

Bu tələbələrə 2000 manat mükafat veriləcək

Azərbaycan sərhədində 11 əcnəbi saxlanıldı

124 mindən artıq uşaq birinci sinfə qəbul olunub – RƏSMİ

Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı paylaşım edildi

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Bu il 89 uşaq övladlığa verilib

Sabahın hava proqnozu açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT

Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir – “715 min dollarımı vermirlər”

Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub – FOTOLAR

Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Paşinyan: Ermənistan tezliklə Aİ-yə üzv olmaq üçün müraciət prosesinə başlayacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.