“Oktyabrın 7-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfrans Azərbaycan həqiqətlərinin qlobal miqyasda təbliğinə töhfədir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev tərəfindən səsləndirilən faktlar ciddi mətləblərdən xəbər verir: “Konfransda DTX rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev tərəfindən çoxsaylı konkret faktlar, statistik rəqəmlər səsləndirildi ki, bunların hər biri dövlətimizin itkinlərin taleyinə aydınlıq gətirmək uğrunda aparıdığı fədakar mübarizədən xəbər verir. Bu faktların hər biri sübut edir ki, Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan hər bir itkinin taleyinə aydınlıq gətirməkdə qərarldır və məlum istiqamətdə bundan sonra da bütün gərəkli addımları atacaq.
Xatırladaq ki, Dövlət Komissiyasının sədri hazırda 4010 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alındığını, 11 566 donordan bioloji nümunə toplandığını vurğuladı. Qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə aparılan intensiv axtarış-qazıntı və ekshumasiya tədbirləri nəticəsində 913 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb. Şəxsiyyəti eyniləşdirilmiş 273 nəfərin qalıqları ailələrinə təhvil verilib və məlum istiqamətdə səylər bundan sonra da eyni əzmlə davam etdiriləcək”.
Millət vəkili qeyd edib ki, konfransda səslənən faktlar erməni vəhşiliklərinin ifşası baxımından da olduqca əhəmiyyətlidir: “Bakıda itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərin ifşası baxımından da mühüm önəm kəsb edir. İtkinlərin sayı, habelə, onların aqibətinə aydınlıq gətirməklə bağlı İrəvanın Azərbaycanın səylərini dəstəkləməməsi, bu məsələdə ölkəmizlə səmimi əməkdaşlıqdan yayınması Ermənistanın insan haqlarına, bəşəri dəyərlərə, beynəlxalq hüquq və konvensiyalara olan ögey münasibətindən xəbər verir.
Hesab edirəm ki, bu konfrans Azərbaycanın haqq səsinin bir kəs daha dünya ictimaiyyətinə çatdırılmasını təmin etməklə yanaşı, itkinlərlə bağlı məsələdə beynəlxalq əməkdaşlıq səylərini də artıracaq və dövlətlər arasında həmrəyliyi gücləndirəcək”.
Seymur ƏLİYEV









