Əlaqədar qurumlar nəyi gözləyir?
Abşeron rayonunun Masazır qəsəbəsində şollar su kəmərinin mühafizə zonası qanunsuz tikililər tərəfindən zəbt edilib. Belə ki, mühafizə zonasının bəzi hissələrində ev və yardımçı təsərrüfatlar tikilib, hasarlama və s. işləri həyata keçirilib. Hansı ki, qanun kommunukasiyaların, eləcə də strateji su kəmərlərinin mühafizə zolağında hər hansı inşaat işi aparmağı, ümumiyyətlə, bu əraziyə hər hansı formada müdaxilə etməyi qadağan edir.
Narahatlıq doğuran digər bir məqam isə mühafizə zolaqlarının təhlükəsizliyinə cavabdehlik daşıyan qurumların heç bir məntiqə sığmayan susqunluğudur. Müşahidələr göstərir ki, mühafizə zolağının təhlükəsizliyinə cavabdeh olan bu qurumlar sözügedən qanunsuz tikililərin sökülməsi üçün heç bir addım atmır, sadəcə seyrçi mövqeyindən çıxış edirlər. Halbuki, su kəmərlərinin mühafizə zolağının zəbti qanun pozuntusu olmaqla yanaşı, kəmərdə baş verə biləcək hər hansı qəza zamanı təmir-bərpa işlərini çətinləşdirir, əhalinin su təchizatına mənfi təsir göstərir. Bu səbəbdən də həmin tikililərin sökülməsi istiqamətində qanunvericiliyə uyğun olaraq konkret addımların atılması zəruridir.
Mövzunu diqqətdə saxlayacağıq.