İran prezidenti iqtisadi inkişafdan danışarkən ölkəmizdən də bəhs etməklə hansı mesajı verib?
İran Prezidenti Məsud Pezeşkian Ərdəbil vilayətində investorlar və sahibkarlarla görüşdə Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsi barədə mühüm açıqlama verib. Pezeşkian çıxışında Ərdəbilin coğrafi mövqeyinin böyük üstünlüklər yaratdığını bildirib.
“Ərdəbil Azərbaycanla (Quzey Azərbaycanla-red.) sərhəddə yerləşir və böyük potensiala malikdir. Əgər Ərdəbilin inkişafına fərqli yanaşsaq, bir çox iqtisadi problemləri həll etmək mümkün olar. Böyük imkanlara malik bu bölgədə yeni strategiya vasitəsilə iqtisadiyyatı inkişaf etdirmək olar”, – deyə dövlət başçısı vurğulayıb. Pezeşkianın bu çağırışı həm bölgə iqtisadiyyatının canlanması, həm də Azərbaycanla qarşılıqlı əməkdaşlığın güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, İranın Ali Ruhani Lideri Ayətullah Əli Xamenei də ötən günlərdə prezidentə açıq dəstəyini ifadə edib. O, müharibə günlərində və sonrakı zamanlarda aparılan siyasətə görə Pezeşkiana təşəkkür edib. Prezident seçilən zaman isə Xamenei Pezeşkianı “ağıllı, dürüst və məşhur şəxsiyyət” kimi qiymətləndirib və onun uğurlarının İran xalqı üçün mühüm rol oynayacağını bəyan etmişdi.(musavat.com)