Qərb nəşrləri iqtidarı “topa tutmağa” başlayıb, məşhur amerikalı jurnalist isə Kremlin adamına tribuna verir – səbəblər
“Qərbin hazırkı Ermənistan hakimiyyətini dəstəklədiyinə dair fikirlər olsa da, görünən odur ki, bu dəstək xeyli azalıb və heç də bütün Qərb dairələri baş nazir Nikol Paşinyanı və onun hökumətini dəstəkləmir”. Bu barədə “Past” qəzeti məlumat yayıb (Teleqraf).
Nəşrin yazdığına görə, bunu son vaxtlar bir sıra Qərb KİV-lərində dərc olunan kəskin məqalələr, eləcə də Avropa rəsmilərinin Ermənistana qarşı apardıqları kampaniyalar sübut edir. Mənbənin fikrincə, Paşinyanın kilsə əleyhinə apardığı kampaniya, Ermənistanda baş verən siyasi həbslər, xüsusən də rusiyalı oliqarx Samvel Karapetyanın həbsi Qərbdə o qədər də xoş qarşılanmayıb.
“Məsələn, Avronest Parlament Assambleyasının İrəvanda keçirilən son iclasında Avropa Parlamentinin deputatları Naço Sançes Amor və Sergey Laqodinski Ermənistan hakimiyyətinin hərəkətlərinə çox sərt reaksiya veriblər. Ötən həftə nüfuzlu “Financial Times” kifayət qədər geniş məqalə dərc edib. “Ümumiyyətlə, bugünlərdə bir sıra Qərb mediası Ermənistanda baş verən siyasi həbsləri işıqlandırır. Məlum olduğu kimi (təsisçisi İrəvanda həbs edilmiş rusiyalı iş adamı Samvel Karapetyan olan), “Bizim Yol” hərəkatının koordinatoru Narek Karapetyanın Nyu-Yorka səfəri də maraqlıdır və orada onun məşhur amerikalı siyasi şərhçi Taker Karlsona müsahibəsi nəzərdə tutulub. Müsahibə zamanı hansı məsələlərə toxunulacağı yaxın vaxtlarda bəlli olacaq, amma müsahibə faktının özü çox diqqət çəkir”, – qəzet vurğulayıb.
Nəşrə görə, bu fakta Ermənistanda Samvel Karapetyanın Rusiyanın dəstəyinə malik olması barədə yayılmış stereotipdən baxmaq olar: “Bu stereotip onun biznes fəaliyyətinin əksəriyyətini Rusiyada qurmasına əsaslanır. İkinci fakt budur ki, Karlson müxtəlif dövlətlərin liderləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp, İran Prezidenti Məsud Pezeşkian, Macarıstan Baş naziri Viktor Orban və sairlə müsahibələr aparıb. Ermənistana münasibətdə müsahibəyə ölkənin baş nazirini deyil, müxalifət xadimini dəvət edir. Taker Karlson Amerikanın ən tanınmış siyasi şərhçilərindən biridir və Tramp administrasiyası ilə sıx əlaqələrə malikdir. Belə məsələlərdə heç vaxt təsadüflər olmur. Deməli, Qərbdə Nikol Paşinyandan əllərini çəkməyə başlayıblar”.
Xatırladaq ki, erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan iyunda Ermənistanda hakimiyyəti devirməyə açıq çağırış ittihamı ilə həbs edilib. Bundan sonra “Bizim Yol” adlı siyasi hərəkat təsis edən iş adamı 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. Karapetyanın həbsi Rusiyada rezonans doğurub, hətta Xarici İşlər Nazirliyi səviyyəsində bu məsələyə münasibət bildirilib. Onun seçkilərdə Kremlin mümkün namizədlərindən biri olacağı barədə məlumatlar var. (musavat.com)









