TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsi dünyanın iqtisadi cəhətdən əhəmiyyətli regionundan keçən nəqliyyat dəhlizidir. Bu, Xəzər dənizi boyunca artan ticarət fəallığını stimullaşdırmaq və Mərkəzi Asiya ölkələrinin inkişafına kömək etmək məqsədi daşıyır.
Musavat.com-un məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp C5+1 görüşü zamanı bildirib.
Trampın sözlərinə görə, bu marşrutun (söhbət Zəngəzur dəhlizindən gedir – red.) həyata keçirilməsi Azərbaycan və Ermənistan arasında tarixi razılaşma sayəsində mümkün olub.
“Bu tarixi saziş həm də yeni “Tramp marşrutu”nun yaradılmasını nəzərdə tutur. Bu, çox gözəldir. Azərbaycan və Ermənistan bunu mənim şərəfimə qoyublar və mən bunu həqiqətən yüksək qiymətləndirirəm”, – ABŞ lideri əlavə edib.
D.Tramp ardınca bildirib: “Bu, həqiqətən də böyük nailiyyətdir. Trampın yeni marşrutu beynəlxalq sülhə gedən yoldur. O, iqtisadi cəhətdən mühüm regiondan keçir və Xəzər dənizi vasitəsilə ticarəti inkişaf etdirərək Mərkəzi Asiya xalqına kömək edəcək”.
“Əminəm ki, bu gün burada olan hər bir ölkə dünyanın açdığı imkanlardan istifadə edə biləcək”, – Tramp əlavə edib.









