Ermənistan parlamentində 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadi artımın səbəbləri ilə bağlı maliyyə naziri Vahe Ovannisyanla müxalifət deputatı Artur Xaçatryan arasında fikir ayrılığı yaşanıb.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Müxalif “Ermənistan” blokunun deputatı Xaçatryan hökuməti iqtisadi nəticələri şişirtməkdə və regional müqayisədə geri qalmaqda ittiham edib:
“Nə baş verib ki, indi belə “möhtəşəm” iqtisadi artımdan danışırıq, halbuki 2019-cu illə müqayisədə vəziyyət pisləşib. Paşinyan bir vaxtlar deyirdi ki, Ermənistanın adambaşına ÜDM-i Gürcüstandan yüksəkdir. Amma bu ilin oktyabrında Beynəlxalq Valyuta Fondu yeni rəqəmlər açıqladı: Gürcüstanda ÜDM 10 130 dollar, Ermənistanda isə 8 970 dollardır”.
Maliyyə naziri Vahe Ovannisyan cavabında etiraf edib ki, son illərdə Gürcüstan doğrudan da sürətli artım tempi göstərib – bu il orada təxminən 9%-lik iqtisadi artım gözlənilir.
Lakin bu arqument müxalifəti qane etməyib. Xaçatryan əlavə edib ki, hökumət xarici amillərdən – xüsusən də Rusiya iqtisadiyyatında yaranan dolayı faydalardan istifadə etməsinə baxmayaraq, Gürcüstanla müqayisədə daha zəif nəticə göstərib.
Buna cavab olaraq Ovannisyan bildirib ki, Ermənistanın iqtisadi artımı Rusiyaya qarşı sanksiyalardan doğan dolayı təsirlərlə əlaqəli deyil.
Musavat.com









