Ermənistan daxilində kilsə–hakimiyyət qarşıdurması daha da kəskinləşir.
Musavat.com-un xəbərinə görə, ölkənin nüfuzlu “Joxovurd” nəşri yazır ki, baş nazir Nikol Paşinyan öz yaxın çevrəsində kilsə rəhbərliyinə qarşı genişmiqyaslı planın hazırlandığını bildirib.
Nəşrin mənbələrinin məlumatına görə, Paşinyanın komandasına xidmət edən xüsusi “ruhanilər qrupu” formalaşdırılıb və onların üzərinə konkret tapşırıqlar qoyulub. Bu şəxslər daxili müzakirələr zamanı erməni katolikosunun ətrafında olan adamları, kilsədə gedən kampaniyanı və yaxın günlərdə artacaq təzyiqləri gündəmdə saxlamalıdırlar.
Hakimiyyətə yaxın mənbə “Joxovurd”a bildirib ki, məqsəd katolikosun ətrafında daxildə “üsyan” yaratmaq, onu kilsədən getməyə məcbur etməkdir. Mənbənin sözlərinə görə, Paşinyan qapalı söhbətlərdə yaxın vaxtlarda təzyiqin daha da güclənəcəyinə, istədikləri nəticəni isə “çox tezliklə” əldə edəcəklərinə əmindir.
Məlumata əsasən, yaxın günlərdə ruhanilərə qarşı təqiblər daha da artacaq və katolikosa qarşı çıxmaq üçün yeni “birlik” yaradılacaq. Həmin birliyə kilsədən kənarlaşdırılmış Stepan Asatryan (Ter Aram) rəhbərlik edəcək. İddialara görə, Asatryan hakimiyyətdən bütün təminatları alıb və prosesə açıq şəkildə rəhbərlik etməlidir. Planın yekun məqsədi isə budur: Paşinyan katolikosu kilsədən uzaqlaşdırmalı, Asatryanın kənarlaşdırılması barədə qərar isə ləğv edilməlidir.
“Joxovurd” yazır ki, hökumətin kilsəyə təzyiq strategiyası daha sərt mərhələyə keçir və Paşinyan hakimiyyəti istədiyi nəticə əldə olunana qədər bu xətti davam etdirməyə qərarlıdır.









