Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Türkiyə paytaxtına işgüzar səfər edib.
Musavat.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu Berlində keçirdiyi mətbuat konfransında deyib:
“Cənab Narışkin Ankarada idi və orada Rusiyanın planla bağlı mövqeyini bizə çatdırdı”. Narışkinin keçirdiyi görüşlərdə Ukraynadakı hərbi münaqişənin həlli müzakirə olunub.
Qeyd edək ki, Narışkin bir neçə dəfə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərləri ilə məhz Türkiyənin vasitəçiliyi ilə görüşüb. Yeri gəlmişkən, Narışkin Bakıda da Suriyanın xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşlər keçirib.
Narışkin bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçirilən geniş və dərin müzakirə iki ölkənin xüsusi xidmət orqanları səviyyəsində əməkdaşlıq üçün lazımi şəraiti formalaşdırıb. Son danışıqların ABŞ-Rusiya münasibətlərində yeni mərhələyə yol açıb-açmayacağı isə hələlik bəlli deyil.
Sergey Narışkin 1954-cü ildə Sankt-Peterburqda anadan olub. Birinci təhsili “mühəndis-radiomexanik” olan Narışkin, sonradan Peterburq Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alıb.
Sankt-Peterburq hökumətinin tərkibində iqtisadiyyat sferasında bir çox vəzifələrdə çalışıb. Narışkin altıncı çağırış Dövlət Dumasına spikerlik edib. O vaxta kimi isə Prezident Administrasiyasının rəhbəri(2008-2011) və baş nazirin müavini (2004-2008) vəzifələrində çalışıb. Narışkin 2016-cı ilin oktyabr ayının 5-dən Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edir.
Rusiya prezidenti həmin vaxt Xarici Kəşfiyyat İdarəsinin mənzil qərargahına gələrək Narışkini kollektivə şəxsən özü təqdim etmişdi. Prezident Narışkinin Rusiya hökumətində, daha sonra Prezident Administrasiyasına və Dövlət Dumasına rəhbərlik etməsini xatırladaraq “indi isə Sergey Yevgeyneviç evinə qayıdır” demişdi.
Bəzi iddialara görə, Narışkinlər tayfası tatar əsillidirlər.
Qeyd edək ki, son günlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna və Rusiya arasında birbaşa danışıqların İstanbulda keçirilməsi təklifini edib. Müharibənin ilk günlərində tərəflər arasında Türkiyədə aparılan danışıqların xatırlanması, Ankara üçün yenidən vasitəçilik rolunun aktuallığını göstərir. Bu təşəbbüs həm regionda sülh prosesinə töhfə verə biləcək, həm də Türkiyənin diplomatik nüfuzunu gücləndirəcək strateji addım kimi dəyərləndirilir.
Musavat.com









