Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan sosial şəbəkələrdə yayılan və guya Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətində Ermənistan mövqelərini atəşə tutması ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını bəyan edib.
Musavat.com xəbər verir ki, erməni mediasının məlumatına görə, Torosyan bu iddiaları növbəti dezinformasiya nümunəsi adlandıraraq, onları dövlətə qarşı aparılan “hibrid kampaniyanın təzahürü” kimi qiymətləndirib. O, Facebook paylaşımında bildirib ki, yayılan məlumatlar reallığı əks etdirmir.
Qeyd edək ki, bundan əvvəl jurnalist David Qalstyan Facebook səhifəsində 23 dekabr axşamı Azərbaycan hərbçilərinin guya Ermənistan mövqelərini bir neçə dəfə atəşə tutduğunu iddia etmişdi. O, atəşlərin hədəfli olmadığını da vurğulamışdı. Ermənistan Müdafiə Nazirliyi isə bu məlumatları rəsmi şəkildə təkzib edib.









