DTX Naxçıvanda xarici ölkəyə casusluq edən silahlı şəxsi saxlayıb. Məlum olub ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim edib.
Maraqlıdır, dünyada təhlükəsizliklə bağlı təhdidlərin artdığı, Prezident İlham Əliyevin demək olar ki, bütün çıxışlarında məlum məsələ ilə bağlı xüsusi həssaslıq sərgilədiyi bir şəraitdə bu cür əməliyyatlar təhlükəsizliyimizin etibarlı təminatı baxımından nə dərəcədə önəmlidir?
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov bu kimi tədbirlərin dövlətimizin güc və sayıqlığının göstəricisi olduğunu vurğuladı:
“Şübhəsiz ki, müasir dünyamızda təhlkəsizliklə bağlı ciddi problemlər mövcuddur və bunu sadəcə mediaya nəzər salmaqla da müşahidə etmək mümkündür. Azərbaycana gəlincə, respublikamıza yaxın ərazilərdə xeyli sayda qaynar nöqtələr mövcuddur. Bu nöqtələrdə isə müxtəlif terrorçu qruplar, silahlı şəxslər, müxtəlif ölklərin xüsusi xidmət orqanları fəaliyyət göstərir. Belə bir vəziyyətdə Azərbaycanın təhlükəsizliklə bağlı məsələyə xüsusi həssaslıq yanaşması başadüşüləndir. Cənab Prezidentimiz də bu məsələni dəfələrlə gündəmə gətirib, müdafiə və təhlükəslziyimi gücləndirməyin bundan sonra da prioritet olacağını bildirib.
DTX-nın Naxçıvanda keçirdiyi əməliyyata gəlincə, buna ancaq əhsən demək olar, Bu əməliyyat bir daha sübut edir ki, DTX hər zamankı kimi ayıq-sayıqdır və hər bir təhlükənin qarşısını rüşeym halındaca alır. Bu cür sayıqlıq, peşəkarlıq bizim üçün hər zaman olduqca önəmlidir. Milli təhlkəsizlik elə həssas bir məsələdir ki, bu məsələdə heç bir boşluğa yol vermək olmaz. Azərbaycan bu məsələdə də bütün dünyaya nmunə göstərməkdə, öz təhlkəsizliyini yüksək səviyyədə təmin etməkdədir. Biz bununla ancaq fəxr edə bilərik”.
Seymur ƏLİYEV








