Moldova hökuməti Rusiya Federasiyasının bir neçə generalını “persona non grata” elan edərək, ölkəni tərk etmələrini tələb edib. Bu qərar Kişinyov ilə Moskva arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirib.

Rəsmi məlumata görə, bu generallar Moldovada “sülhməramlı” adlandırılan, lakin əslində regionun təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlə məşğul olmaqda ittiham olunurlar. Moldova Xarici İşlər Nazirliyi onların hərəkətlərinin ölkənin suverenliyinə və ərazi bütövlüyünə zidd olduğunu vurğulayıb.
Qeyd olunur ki, bu addım Moldovanın daxili işlərinə müdaxilə cəhdlərinə qarşı sərt reaksiyası kimi qiymətləndirilir. Kişinyov uzun müddətdir ki, Rusiya qoşunlarının Dnestryanı bölgədən çıxarılmasını tələb edir və bu qərar da həmin tələblərin davamı kimi görünür.
Dnestryanı bölgədəki rus hərbi kontingentinin statusu və fəaliyyəti illərdir ki, Moldova-Rusiya münasibətlərində əsas mübahisə mövzusu olaraq qalır. Moldova bu qoşunları öz ərazisində qanunsuz hesab edir və onların varlığını ölkənin Avropa inteqrasiya yolunda ciddi maneə sayır.
Bu diplomatik gərginlik fonunda beynəlxalq ictimaiyyətin diqqəti bir daha Moldova və Dnestryanı bölgəyə yönəlib. Kişinyovun bu cəsarətli addımı, ölkənin öz milli maraqlarını qorumaq əzmini nümayiş etdirir və Moskvaya aydın bir mesaj göndərir.









