Dünya

“PUTİN VACİB GÜZƏŞTƏ GEDİB...” - Sülh yaxınlaşırmı?

21

Rusiya Prezidenti Vladimir Putin qapalı görüşlərdə müharibə bitəndən sonra Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun təhlükəsizlik zamənatlərinin verilməsinə dair razılıq verib.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Washington Post” Amerika administrasiyasındakı danışıqlara yaxın bir mənbəyə istinadla məlumat yayıb.

Söhbət Ukraynanın birbaşa NATO üzvlüyündən yox, ona ABŞ və Avropa ölkələrinin NATO-nun 5-ci maddəsinə uyğun təhlükəsizlik zəmanəti verməsindən gedir. Bu zəmanət Ukraynanın NATO üzvlüyünü nəzərdə tutmur.

Mənbənin sözlərinə görə, bunun müqabilində Qərb Rusiyaya qarşı sanksiyaları tədricən yumşaldacaq və bir sıra digər güzəştlərə gedəcək.

Xəbərdə iddia olunur ki, Putin buna Amerika və Avropa qoşunlarının müharibədən sonra Ukrayna ərazisində yerləşdirilməyəcəyi şərtilə razılıq verib.

Qeyd edək ki, NATO Nizamnaməsinin 5-ci maddəsi Alyans üzvlərindən birinə hücum halında kollektiv müdafiəni nəzərdə tutur. Müzakirə olunan sxemə görə, müharibə bitdikdən sonra Rusiya yeni hücum başlatsa, NATO öz qüvvələrini dərhal Ukraynaya yürüdəcək. Bundan əlavə, bütün sanksiyalar bərpa olunacaq. Mənbə əlavə edib ki, ABŞ və Avropa nümayəndələri həmçinin Rusiyanın razılaşmalara riayət etməsini izləmək və böhran halında əməliyyat kommunikasiyası qurmaq yollarını da müzakirə ediblər.

Bəs bu məlumat nə dərəcədə reallığa və Kremlin son açıqlamalarına uyğun gəlir?

Hələlik Kremldən bu vacib xəbərlə bağlı hər hansı şərh verilməyib. Ancaq hələ noyabrın 19-da ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner bildirib ki, Vaşinqton Kremli Ukrayna üçün NATO tipli zəmanətlər konsepsiyasında "yumşalmağa" uğurla inandıra bilib. O, Donald Trampın bu cür zəmanətlərin verilməsinə açıq olduğunu deyib və əlavə edib ki, onlar ABŞ-nin də maraqlarına uyğun olmalı və daha geniş təhlükəsizlik müqaviləsinin bir hissəsi olmalıdır.

 

 

“The Washington Post”un Amerika administrasiyasındakı mənbəyi onu da iddia edib ki, Kuşner Putinlə görüşdə müharibənin Avropaya yayılması təhlükəsindən və bunun ABŞ-nin maraqlarına zidd olmasından danışıb: "Bu müharibə Ukrayna ilə müharibə kimi başladı. İndi isə Avropa ilə “proksi müharibə”dir, ona görə də bütün tərəflər üçün təhlükəsizlik riskləri artır”.

Məlum məsələdir ki, Ukraynadakı müharibənin əsas səbəbləri sırasında Ukraynanın Rusiyanın təsir dairəsindən çıxıb Avropa Birliyinə qoşulmaq istəyi daha çox önə çəkilir. Rusiya bunun qarşısını almaq istəyirdi, lakin müharibənin gedişi bu cəhdin alınmadığından xəbər verir. Buna görə də bir növ “b varinatı”na keçid edilir.

Bu özünü Rusiya-ABŞ danışıqalrında da büruzə verir. Rusiya Ukraynanın AB üzvlüyünə qarşı çıxa bilmir və rəsmi açıqalmalarda da bu mövqe təsdiqlənir. Buna görə Kuşner Kiyevin "Ukraynanın Avropada uzunmüddətli gələcəyini təmin edəcək AB üzvlüyünə dair əhəmiyyətli irəliləyiş" olduğunu yazıb.

Avropa rəsmiləri is bildiriblər ki, bütün proses on ilə qədər çəkə bilər, buna baxmayaraq, Ukraynanın AB-yə qoşulmaq üçün müraciətinə baxmaqdan ötrü "xüsusi prosedur" yaratmağı planlaşdırırlar.

Lakin bütün bu pozitiv məqamlara paralel olaraq, ərazi məsələsi sülh danışıqlarının əsas maneələrindən biri olaraq qalır. Rusiya Donbasın təhvil verilməsini tələb edir, Kiyev isə bu şərti rədd edir.

 

 

Bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin ilk dəfə olaraq Ukraynanın Donbasdan çıxması müqabilində Kiyevin NATO-ya qoşulma ehtimalını irəli sürdüyünü bildirib. O əlavə edib ki, əgər Amerika təhlükəsizlik zəmanətləri, müharibədən sonrakı yenidənqurma üçün vəsait və Ukrayna Silahlı Qüvvələrinə məhdudiyyətləri istisna edən paket razılaşmanı təmin etsə, bu müqaviləni Ukrayna daxilində referenduma çıxarmağa hazır olacaq. Yəni, məlum zəmanətlər və NATO üzvlüyü müqabilində Donbasdan çəkilmək məsələsi referenduma çıxarılaraq, xalqdan razılıq alına bilər. Məlum olduğu kimi, Zelenski dəfələrlə müsahibələrində bəyan edib ki, Ukrayna qoşunlarını Donbasdan çıxararaq oranı Rusiyaya təhvil vermək Prezident kimi onun səlahiyyətləri xaricindədir və ona da eyham vurub ki, Ukrayna xalqı buna imza atacaq istənilən rəhbəri dərhal hakimiyyətdən uzaqlaşdıracaq.

 

 

Bu arada Kuşnerin məlum çıxışını şərh edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı hər hansı bir variant Moskva üçün qəbuledilməzdir. O vurğulayıb ki, Kiyev Rusiyanın Şimali Atlantika Alyansına qoşulmamaq tələbini qəbul etməlidir və yalnız bundan sonra təhlükəsizlik zəmanətləri müzakirə edilə bilər.

Beləliklə, Kuşnerin ABŞ və Avropa zəmanətləri barədə dediklərilə Kiyevin NATO üzvlüyü iddiası və xüsusilə da Moskvanın mövqeyi qətiyyən üst-üstə düşmür. Belə ki, Kuşner Ukraynaya 5-ci maddəyə uyğun zəmanətlərin Alyansa üzv olmadan veriləcəyini bildirir. Kiyev isə NATO üzvlüyünü də nəzərdə tutan zəmanətlərdən bəhs edir, üstəlik, müharibədən sonra Qərb qoşunlarının Ukraynaya yeridilməsini istəyir.

Lakin Moskva bunun qəti əleyhindəir. Belədə Kuşnerin önə sürdüyü və deyilənə görə Putinin razılaşdığı 5-ci maddəyə uyğun zəmanət təklifi bir növ Kremllə Kiyevin mövqelərinin orta məxrəci sayıla bilər. Kiyevin də bu kompromisə getmə ehtimalı az deyil.

Lakin Putinin bu zəmanətlərlə razılaşdığı iddiaları hələlik rəsmən öz təsdiqini tapmayıb. Əgər bu iddiada göstərilənlər həqiqətdirsə, bunu münaqişənin həlli istiqamətində vacib addım və diplomatik uğur hesab etmək olar.

Ancaq hələlik tərəflərin “yumşalması” iddiaları nə cəbhə xəttində, nə də mülki və enerji infrastrukturlarına zərbələrdə qətiyyən öz təsdini tapmır...

Cəlal Məmmədli

“AzPolitika.info”  

Oxşar xəbərlər

↑