“Həsən Mirzəyev dilçi, siyasətçi, ideoloq və Azərbaycanşünas kimi qiymətli şəxsiyyət idi”

Nizami Cəfərov: “Onun milli-mənəvi dəyərlərimizin dövlət siyasəti səviyyəsinə yüksəldilməsində böyük xidmətləri var”
Noyabr 26-sı filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, mərhum professor Həsən Mirzəyevin anadan olmasının 99-cu ildönümüdür.
Bu münasibətlə Moderator.az-a açıqlama verən akademik Nizami Cəfərov, Həsən Mirzə yaradıcılığı haqqında maraqlı fikirlər səsləndirib, onun milli-mənəvi dəyərlərimizin qorunması və təbliğindəki rolunu yüksək qiymətləndirib:
“Həsən Mirzə ilk növbədə Azərbaycan dilinin müəllimi, Azərbaycan dilinin təəssübkeşi, Azərbaycan dili dərsliklərinin müəllifi kimi bizim gəncliyimizə çox böyük təsir göstərib və bu gün də təsir göstərməkdədir. Bu, onun xidmətlərinin sadəcə bir hissəsidir.
İkincisi, Həsən Mirzəyev xalq uğrunda, xalq ədəbiyyat mövzusunda yazan gözəl bir şair idi. Onun dili də, yaradıcılığının milliliyi də həddindən artıq parlaq və təsirli idi. O, bir şair kimi də, ədəbiyyatı sevən, ədəbiyyatı öyrədən, xalq ədəbiyyatının dərinliklərinə nüfuz edən ədəbiyyat adamı kimi də dəyərli insan idi.
Həsən Mirzəyev siyasətçi kimi, dövlət adamı kimi, ideoloq kimi, Azərbaycanşünas kimi də çox qiymətli bir şəxsiyyət idi. O, bizim milli-mənəvi dəyərlərimizin qorunması, müdafiə olunması, təbliği və onun dövlət siyasəti səviyyəsinə qadırılmasında böyük xidmətləri olan bir ziyalı idi. Ona görə də Həsən Mirzəyevin yeri məmləkətimizdə hər zaman yüksəkdir və hər zaman da belə qalacaq”.
Seymur ƏLİYEV
