Heç kəs ayrı-seçkiliyə məruz qalmayacağı kimi, heç kimin də ideoloji, siyasi, iqtisadi üstünlüyü və ya imtiyazı yoxdur.
Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasına münasibət bildirərkən X hesabında qeyd edib.
“İstanbul Böyükşəhər Bələdiyyə sədri ilə bağlı verilən məhkəmə qərarına səbir və sağlam düşüncə ilə yanaşmaq, qanunun verdiyi hər bir qərara hörmət etmək ortaq məsuliyyət olmalıdır. Heç kim toxunulmaz, əlçatmaz deyil. Ədalət və qanuna qarşı çıxmaq, hətta onu müzakirəyə açmaq iğtişaş və zorakılıq mühitinə dəvətdir. Qanuni bir tədbiri çevriliş adlandıraraq qaralamaq, hüquq axtarışı üçün küçələrə çıxmağa hazırlaşmaq dəli olmuş, ağıl və əxlaq səviyyəsini itirmiş siyasi fəsaddır. Mən Türkiyə məhkəmə sisteminə tam güvənirəm. Həm fərdi, həm də sosial müstəvidə zorakılığın qarşısının alınması bizim hər zaman həssas olduğumuz aktual mövzudur”, – partiya sədri vurğulayıb.
Qeyd edək ki, bu gün səhər İstanbul Böyükşəhər Bələdiyyəsi başqanı Əkrəm İmamoğlu və onlarla şəxs saxlanılıb. Ə.İmamoğluya qarşı terror təşkilatı ilə əlaqə və korrupsiya ittihamları irəli sürülüb.(axar.az)