Rəsmi qərar və ya hüquqi təşəbbüs olmasa da, son illərdə Azərbaycanda idarəetmə sistemində müşahidə olunan struktur dəyişiklikləri daha geniş institusional transformasiya ehtimalını – referendumu gündəmə gətirir.
Xüsusilə regional idarəetmə modelində mərkəzləşmə xəttinin güclənməsi, paralel strukturların optimallaşdırılması və nəzarət mexanizmlərinin sərtləşdirilməsi yeni mərhələnin ilkin siqnalları kimi qiymətləndirilə bilər. Məsələ yalnız kadr dəyişiklikləri ilə də məhdudlaşmır…
İcra hakimiyyətləri: klassik modelə alternativ
Azərbaycanda rayon icra hakimiyyətləri uzun illərdir mərkəzi icra hakimiyyətinin yerli dayağı funksiyasını yerinə yetirir. Lakin son illərdə bir sıra icra başçılarının korrupsiya ittihamları ilə məsuliyyətə cəlb olunması bu institutun effektivliyi və şəffaflığı ilə bağlı müzakirələri gücləndirib. Müşahidəçilər hesab edir ki, məsələ yalnız ayrı-ayrı şəxslərlə bağlı deyil, eyni zamanda mövcud idarəetmə modelinin funksionallığı ilə də əlaqələndirilir. Yerli səviyyədə uzunmüddətli və qapalı idarəetmə mexanizmi bəzi hallarda qeyri-rəsmi təsir imkanlarının formalaşmasına şərait yarada bilir. Bu isə idarəetmədə alternativ mexanizmlərin müzakirəsini aktuallaşdırır. Son illərdə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan Prezidentin xüsusi nümayəndəlik institutu bu baxımdan yeni idarəetmə modeli kimi diqqət çəkir. Səlahiyyətlərin vahid koordinasiya çərçivəsində birləşdirilməsi ilə daha mərkəzləşdirilmiş və layihəyönümlü idarəetmə prinsipləri ortaya çıxır. Analitiklər hesab edir ki, mümkün konstitusion dəyişikliklər bu modelin ölkənin digər regionlarında tətbiqinə hüquqi zəmin yarada bilər.
İqtisadi rayonlar prinsipi: funksional idarəetmə modeli
Hazırda Azərbaycanda iqtisadi rayon bölgüsü mövcuddur və regional inkişaf proqramları bu prinsip əsasında hazırlanır. Yeni yanaşmada isə idarəetmənin məhz iqtisadi rayonlar üzərindən qurulması ehtimalı ön plana çıxır. Bu modeldə inzibati sərhədlərdən daha çox regionların iqtisadi potensialı, logistika imkanları, sənaye və kənd təsərrüfatı profili əsas meyar kimi nəzərə alınır. Belə yanaşma qərarvermə prosesinin daha geniş coğrafiyanı əhatə etməsinə və regional layihələrin koordinasiyasının vahid idarəetmə çərçivəsində həyata keçirilməsinə imkan yarada bilər. Paralel strukturların optimallaşdırılması və regional inkişafın daha sistemli planlaşdırılması da bu modelin mümkün nəticələri kimi göstərilir. Eyni zamanda, bu yanaşma mərkəzi nəzarət mexanizmlərini gücləndirə və yerli səviyyədə fərdi təsir imkanlarını məhdudlaşdıra bilər.
Naxçıvan: idarəetmə mexanizminin yenilənməsi müzakirə olunur
Naxçıvan Muxtar Respublikasının statusu Azərbaycan Konstitusiyasında ayrıca təsbit olunub. Muxtar quruluş saxlanılmaqla idarəetmə mexanizminin ümumi regional modelə uyğunlaşdırılması nəzəri baxımdan mümkün ssenarilərdən biri kimi görünür. Son illərdə Naxçıvanda aparılan struktur dəyişiklikləri və mərkəzi qurumlarla koordinasiyanın gücləndirilməsi artıq müəyyən transformasiya prosesinin getdiyini göstərir. Bu baxımdan mümkün referendum çərçivəsində hüquqi bazanın yenilənməsi və idarəetmədə vahid standartların tətbiqi gündəmə gələ bilər.
Parlamentdə təmsilçilik: say artımı ola bilər?
Müzakirə olunan mühüm məsələlərdən biri də Milli Məclisdə deputat sayının artırılması ehtimalıdır. Hazırda parlamentdə 125 deputat təmsil olunur. Əhalinin 10 milyona yaxınlaşdığı şəraitdə hər 40-50 min əhaliyə bir mandat prinsipi tətbiq edilərsə, deputat sayının təxminən 180-200 aralığında formalaşması mümkündür. Bu dəyişiklik artan əhali fonunda daha proporsional təmsilçiliyin təmin olunması, seçici ilə deputat arasında əlaqələrin daha intensiv qurulması və parlament müzakirələrinin daha geniş sosial spektri əhatə etməsi ilə əsaslandırıla bilər. Eyni zamanda mandat sayının artırılması seçki dairələrinin yenidən müəyyənləşdirilməsini və seçki sistemində texniki dəyişiklikləri də zəruri edəcək.
Mərkəzləşmə və optimallaşdırma xətti
Ümumilikdə müşahidə olunan tendensiyalar göstərir ki, idarəetmədə mərkəzləşmə, optimallaşdırma və institusional nəzarətin gücləndirilməsi xətti davam edir. Regional idarəetmədə tətbiq edilən yeni mexanizmlər və aparılan struktur dəyişiklikləri mümkün konstitusion islahatların ideoloji və praktiki zəminini formalaşdırır. Hazırda məsələ rəsmi təsdiq mərhələsində olmasa da, siyasi və institusional dinamika ölkədə idarəetmə sistemində yeni mərhələnin başlanmasının istisna olmadığını göstərir.
Sfera.az analtik qrupu








