“Qaçış Kralı” ləqəbli alban Toma Taulant yenidən həbsxanadan qaçıb.
Qaynarinfo “The Times” qəzetinə istinadən xəbər verir ki, bu dəfə o, Milanın ən yüksək təhlükəsizlikli Opera Həbsxanasından qaçıb və bu, onun son 15 ildə İtaliyada dördüncü həbsxana qaçışıdır.
Taulantın ən azı 2048-ci ilə qədər Operada soyğunçuluq və digər cinayətlərə görə saxlanılması nəzərdə tutulurdu. Lakin 40 yaşlı məhbus əvvəllər həbsxana emalatxanasından pəncərə barmaqlıqlarını kəsmək üçün mişar oğurlayıb və bağlı çarşaflardan uzun ip hazırlayıb. Səhər növbəsi dəyişikliyi zamanı o, kamerasının pəncərəsindən düşüb, çarşafları yerə sürüşdürüb, həbsxana hasarından aşıb və qaçıb. Onun həbsxana həyətindəki hərəkətləri müşahidə kamerası tərəfindən qeydə alınıb, lakin siqnalizasiya işə düşməyib və mühafizəçilər bunu hiss etməyiblər.
Taulantın ilk qaçışı 2009-cu ildə Ternidəki həbsxanadan olub. O, 2023-cü ildə Parmadakı həbsxanadan mişar və çarşaflardan istifadə etməklə qal=ça bilib. 2013-cü ildə isə eyni Parma həbsxanasından kamera yoldaşı ilə qaçıb.
Opera həbsxanasının rəhbərliyi hadisəni həddindən artıq izdiham və təhlükəsizliyin olmaması ilə əlaqələndirir. 900 məhbus üçün nəzərdə tutulmuş həbsxanada 1300-dən çox məhbus saxlanılır və ən azı 811 mühafizəçi olmalıdır, baxmayaraq ki, cəmi 533 mühafizəçi var. Rəsmi məlumatlara görə, İtaliya həbsxanalarında 62.000-dən çox məhbus saxlanılır, halbuki onlar 51.000 nəfər üçün nəzərdə tutulub və təxminən 20.000 təhlükəsizlik işçisi çatışmazlığı var.









