Məlum olduğu kimi, hüquq-mühafizə orqanları barəsində cinayət işi açılan baş nazirin sabiq birinci müavini Abbas Abbasov üçün də qiyabi həbs qətimkan tədbiri seçib. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Abbas Abbasov Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər – ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Bildirilib ki, o, Azərbaycan Respublikası ərazisindən kənarda olduğu və istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib və məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.
Məsələ ölkə ictimaiyyətində mühüm hüquqi və siyasi suallar doğurur: Rusiyada olduğu bildirilən Abbas Abbasov Azərbaycana ekstradisiya edilə bilərmi və onu hansı cəza gözləyir?
Mövzu ilə bağlı vəkil Ramil Süleymanov Musavat.com-a açıqlamasında bildirib ki, məsələ ilk növbədə vətəndaşlıq statusundan asılıdır:
“Əgər Abbas Abbasov Azərbaycan vətəndaşıdırsa, barəsində ümumi əsaslarla cinayət təqibi aparılacaq. Azərbaycan qanunvericiliyinə görə ikili vətəndaşlıq prinsip etibarilə tanınmır. Xüsusilə 2014-cü ildən sonra başqa ölkənin vətəndaşlığını qəbul etmiş şəxslərdən iki ölkədən birinin vətəndaşlığını seçmək tələb olunur. Yəni şəxs ya Azərbaycan vətəndaşlığından çıxmalı, ya da digər ölkənin vətəndaşlığından imtina etməlidir”.
Vəkilin sözlərinə görə, əgər Abbas Abbasovun Rusiya vətəndaşlığı da varsa və o, hazırda Rusiya ərazisində yaşayırsa, Azərbaycan dövləti onun ekstradisiyası ilə bağlı Rusiya Federasiyasına müraciət edə bilər:
“Həm Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı hüquqi yardım haqqında Konvensiyanın tələbləri, həm də Azərbaycan ilə Rusiya arasında imzalanmış beynəlxalq müqavilələr tərəflərin bir-birinə hüquqi yardım göstərməsini və müəyyən hallarda şəxslərin verilməsini nəzərdə tutur. Lakin əgər Abbas Abbasov Rusiya vətəndaşıdırsa, Rusiya Federasiyasının onu Azərbaycana verməmək hüququ da mövcuddur. Bir çox hallarda dövlətlər öz vətəndaşlarını ekstradisiya etmirlər. Bu halda cinayət təqibi məsələsi digər hüquqi mexanizmlər çərçivəsində həll oluna bilər”.
Vəkilin sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi-nin 278.1-ci maddəsinə əsasən, bu ittiham üzrə 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“Əgər istintaq zamanı əlavə ittihamlar irəli sürülərsə, cinayətlərin qismən toplanması prinsipi tətbiq oluna bilər. Bu zaman daha ağır cəza digərini əhatə etməklə yekun məhkəmə hökmündə daha ciddi azadlıqdan məhrumetmə cəzası müəyyən edilə bilər” deyə, vəkil vurğulayıb.
Afaq Mirayiq,
Musavat.com









