Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu gün öz tarixinin ən güclü, ən uğurlu və ən dinamik inkişaf mərhələsini yaşayır. Dövlət başçısının qətiyyətli siyasi iradəsi, uzaqgörən xarici siyasət kursu və milli maraqlara əsaslanan strateji yanaşması sayəsində Azərbaycan regionun aparıcı dövləti olmaqla yanaşı, beynəlxalq aləmdə etibarlı tərəfdaş və nüfuzlu aktor kimi tanınır. İşğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eyni zamanda ölkəmizin qazandığı diplomatik uğurlar Prezident İlham Əliyevin müstəqil dövlətçilik siyasətinin və sülhə, inkişafa xidmət edən strateji xəttinin real nəticəsidir. Bu uğurlu siyasətin növbəti mühüm təzahürü kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizə rəsmi səfərə gələn Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinini qəbul etmiş, daha sonra Şuşada mətbuata bəyanatlarla çıxış edərək iki ölkə arasında əməkdaşlığın perspektivlərini və Qarabağda həyata keçirilən birgə layihələri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışlar.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.
Fikirlərini davam etdirən partiya sədri bildirib ki, Cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycan ilə Slovakiya arasında formalaşmış yüksək səviyyəli siyasi münasibətlər, eləcə də Slovakiyanın işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi bərpa layihələri xüsusi vurğulanıb. Dövlət başçısı ikitərəfli əlaqələrin hazırkı inkişaf səviyyəsini yüksək qiymətləndirərək siyasi dialoqun dinamik xarakter daşıdığını və gələcək dövrdə də Azərbaycan–Slovakiya münasibətlərinin yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib. Bu yanaşma rəsmi Bakının Slovakiya ilə əməkdaşlığa verdiyi strateji əhəmiyyəti və uzunmüddətli tərəfdaşlıq niyyətini bir daha nümayiş etdirir.
Bəyanatda diqqət çəkən əsas məqamlardan biri Slovakiya şirkətlərinin Baş Qərvənd kəndində həyata keçirdiyi irimiqyaslı yenidənqurma layihəsinə verilən yüksək qiymət olub. Prezident İlham Əliyev Slovakiyanın Qarabağın bərpasında fəal iştirakını xüsusi qeyd edərək bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Slovak tərəfdaşların iştirakı ilə “Ağıllı kənd” (Smart Village) konsepsiyası əsasında həyata keçirilən layihə müasir şəhərsalma prinsiplərinin, innovativ texnologiyaların və “yaşıl enerji” həllərinin Qarabağda tətbiqinin uğurlu nümunəsidir. Layihə çərçivəsində müasir yaşayış evlərinin tikilməsi, sosial və mühəndis infrastrukturunun yaradılması, ekoloji standartlara uyğun mühitin formalaşdırılması nəzərdə tutulur ki, bu da bölgənin dayanıqlı inkişafına mühüm töhfə verir.
Prezident İlham Əliyevin bəyanatında humanitar əməkdaşlıq məsələləri də xüsusi yer tutub. Baş Qərvənd kəndində Slovakiyanın dəstəyi ilə inşa ediləcək müasir məktəbə Slovakiyanın milli qəhrəmanı Milan Rastislav Ştefanikin adının verilməsi iki xalq arasında dostluq münasibətlərinin və qarşılıqlı hörmətin rəmzi kimi dəyərləndirilir. Bu addım tərəflər arasında əməkdaşlığın təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığını, eyni zamanda mədəni və humanitar istiqamətdə də uğurla inkişaf etdiyini göstərir.
Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlərdən aydın olur ki, Azərbaycan ilə Slovakiya arasında münasibətlər yalnız diplomatik təmaslarla kifayətlənmir. Slovakiya Qarabağın yenidən qurulmasında konkret layihələrlə iştirak etməklə Azərbaycanın etibarlı tərəfdaşı olduğunu nümayiş etdirir və azad edilmiş ərazilərin dirçəldilməsinə real töhfə verir. Bu əməkdaşlıq qarşılıqlı etimadın, ortaq maraqların və uzunmüddətli tərəfdaşlığın möhkəm təməl üzərində qurulduğunu göstərir.
Müsahibimiz onu da bildirib ki, Şuşadan verilən bu mühüm mesajlar Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun və milli maraqlara söykənən beynəlxalq əməkdaşlıq strategiyasının növbəti əhəmiyyətli nəticəsidir. Dövlət başçısının qətiyyətli rəhbərliyi və yüksək diplomatik fəaliyyəti sayəsində Qarabağda beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirilən genişmiqyaslı bərpa layihələri Azərbaycanın iqtisadi qüdrətini, siyasi nüfuzunu və dövlətçilik ənənələrini bir daha nümayiş etdirir. Slovakiya ilə inkişaf edən dostluq və tərəfdaşlıq münasibətləri də sübut edir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında sülhün, tərəqqinin və qarşılıqlı faydalı əməkdaşlığın təşviq olunduğu etibarlı beynəlxalq tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirir
-deyə Adəm İsmayıl Bakuvi fikirlərini yekunlaşdırıb









