Azərbaycanda 40 mindən çox keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdıb.
Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov X hesabında bildirib.
Onun sözlərinə görə, 45-dən çox yaşayış məntəqəsi yenidən qurulub və bərpa edilib, hazırda Qarabağda təxminən 100 min nəfər yaşayır, işləyir və təhsil alır.
Elnur Məmmədov qeyd edib ki, son altı ildə əldə olunan irəliləyişin miqyası böyük olsa da, qarşıda ciddi çətinliklər qalmaqdadır.
“Piyadalar əleyhinə minalar insanların həyatını təhdid etməkdə və yenidənqurma işlərinə mane olmaqda davam edir. Təkcə ötən həftə mina hadisəsi nəticəsində daha bir mülki şəxs yaralanıb”, – o bildirib.
Nazir müavini vurğulayıb ki, Azərbaycan bu maneələri aradan qaldırmaq və məcburi köçkün icmalarının təhlükəsiz və ləyaqətli Böyük Qayıdışını təmin etmək əzmindədir.









