Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Robert Abisoqomonyan son altı ildə regiondakı münaqişələr nəticəsində çox sayda insanın itkin düşdüyünü bildirib.
Cumhuriyyet.az xəbər verir ki, o, BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin iclasında çıxışı zamanı itkin düşənlərin ailələrinin vaxtında və etibarlı məlumat almaq hüququnun təmin edilməli olduğunu deyib.
R. Abisoqomonyanın sözlərinə görə, problemin həlli yalnız qanunvericiliklə məhdudlaşmamalı, dövlət qurumları arasında əməkdaşlıq, ixtisaslı kadrların hazırlanması və ailələrlə müntəzəm əlaqə təmin edilməlidir.
Ermənistan rəsmisi əsir götürüldükdən sonra itkin düşdüyü iddia edilən erməni hərbçilərlə bağlı halların BMT strukturlarında narahatlıq doğurduğunu da söyləyib.
BMT Komitəsinin ekspertləri isə iclasda Ermənistan nümayəndə heyəti qarşısında itkin azərbaycanlılarla bağlı suallar qaldırıblar. Bildirilib ki, alternativ hesabatlarda 1990-cı illərdən 2020-ci ilədək Ermənistanın nəzarətində olmuş ərazilərdə azərbaycanlı uşaqların, yüzlərlə mülki şəxsin və hərbçinin itkin düşməsi barədə məlumatlar yer alıb.
Ekspertlər Ermənistandan bu şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün aparılan araşdırmalar, kütləvi məzarlıqlara dair məlumatların və DNT nümunələrinin Azərbaycanla mübadiləsi barədə izahat istəyiblər.
İclasda Beynəlxalq İtkin Şəxslər Komissiyasının hesabatına istinadən 3 890 azərbaycanlının, o cümlədən 3 171 hərbçinin itkin sayıldığı diqqətə çatdırılıb. BMT-nin Cenevrə Ofisi müzakirələrin geniş xülasəsini yayıb. (modern.az)









