İşğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun bərpası istiqamətində həyata keçirilən layihələr davam etdirilir. Son olaraq Xocavənd rayonunda təcili tibbi yardım bölməsi istifadəyə verilib. Bu addım azad edilmiş ərazilərdə əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində görülən işlərin növbəti mərhələsi kimi qiymətləndirilir.
Cumhuriyyet.az işğaldan azad edilmiş rayonlarda hazırda fəaliyyət göstərən tibb müəssisələrinin sayı, onların rayonlar üzrə bölgüsü, yeni səhiyyə obyektlərinin yaradılması və mövcud infrastrukturun genişləndirilməsi ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərib.
Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, Şuşa şəhərində 90 çarpayılıq Şuşa Müalicə Sağlamlıq Mərkəzinin layihəsi üzrə işlər tamamlanıb və burada ambulator tibbi xidmət təşkil edilib.
Hazırda Füzuli şəhərində 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının, Cəbrayıl şəhərində 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının və Ağdam şəhərində 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının inşası davam etdirilir.
Bununla yanaşı, Laçın şəhərində 150 çarpayılıq, Kəlbəcər şəhərində 160 çarpayılıq, Qubadlı şəhərində 91 çarpayılıq və Zəngilan şəhərində 91 çarpayılıq rayon mərkəzi xəstəxanalarının tikintisi planlaşdırılır. Hazırda həmin tibb müəssisələri üzrə layihə-smeta sənədləri hazırlanır.
Nicat Rüstəm









