Mehdiabad Boks Mərkəzində Mehdiabad qəsəbəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş boks üzrə klublararası turnir keçirilib. Turnir Əməkdar məşqçi Samir Həsənovun təşəbbüsü, Abşeron Rayon İcra Hakimiyyəti və Mehdiabad Boks Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Yarışda ümumilikdə 17 komandanı təmsil edən 135 idmançı iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə boksçular müxtəlif çəki dərəcələri üzrə güclərini sınayıblar.
Yarışın yekun nəticələrinə əsasən, komanda hesabında Mehdiabad Boks Mərkəzi I yerə layiq görülüb. Turnirin keçirilməsində əsas məqsəd Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, eyni zamanda boks idman növünün inkişafına və gənc idmançıların təcrübə qazanmasına töhfə vermək olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq.










