Məlum olduğu kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
Xatırladaq ki, Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb edilməsindən sonra keçmiş Administrasiya rəhbərinə yaxın olan şəxslərin dairəsinin müəyyən ediləcəyi, habelə, bu şəxslərin Ramiz Mehdiyevin qanunsuz tapşırıqlarının yerinə yetirilib-yetirilməməsində iştirakının araşdırılacağı media tərəfindən mütəmadi şəkildə gündəmə gətirilməkdədir. Sosial media və ictimai rəydə Ramiz Mehdiyevə yaxın olan şəxslərin sırasında hazırkı FHN şefinin də adı çəkilir. Ramiz Mehdiyevin oğlunun başqa bir şəxsin deyil, məhz Kəmaləddin Heydərovun yanında işləməsi də bu yaxınlığı təsdiqləyən əsas arqumentlərdənn biri hesab edilirdi.
Ramiz Mehdiyevin bəd əməllərinin de-şifrə edilməsindən sonra sabiq Aparat rəhbərinə yaxın olan şəxslərin ondan imtina edəcəyi gözlənilən idi. Teymur Mehdiyevin FHN şefinin müavini vəzifəsindən uzaqlaşdırılması bu gözləntilərin özünü doğrultduğunu göstərir. Görünən odur ki, Ramiz Mehdiyevin ifşasından sonra bir çoxları kimi Kəmaləddin Heydərov da “özünüxilas əməliyyatına” başlayıb. Teymur Mehdiyevi müavin vəzifəsindən uzaqlaşdırmaqla Ramiz Mehdiyevlə bağlı baş verənlərə biganə qalmadığını, bu məsələdə dövlətin yanında yer aldığını göstərməyə çalışır. Fəqət Teymur Mehdiyevin uzun müddət FHN-də çalışdığı, bu qurumdan məlum hadisələr fonunda uzaqlaşdırıldığı yaxın keçmişimizin inkaredilməz həqiqətlərindən biridir. Ona görə də çətin ki, Ramiz Mehdiyevin oğlunu FHN şefinin müavini postundan kənarlaşdırması Kəmaləddin Heydərovu xilas edə bilsin. Çox böyük ehtimalla Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovun mümkün yaxınlığı da əlaqədar qurumlar tərəfindən araşdırılacaq və bu araşdırmanın nəticəsinə uyğun olaraq gərəkli addımlar atılacaq.









