Son vaxtlar Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin xarici ölkələrdə, eləcə də Dubaydakı daşınmaz əmlakları ilə bağlı ölkə mediasında çoxsaylı məqalələr yer almaqdadır. Bu məqalələrdən biri olan “Ramiz Mehdiyev və Kəmaləddin Heydərov cütlüyünün “Dubay əməliyyatı” sərlövhəli məqalədə deyilir:
“Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin FHN şefi Kəmaləddin Heydərovla yaxın dostluq münasibətinə malik olduğu ilə bağlı iddialar çoxalmaqdadır. Bəzi məlumatlara görə, Ramiz Mehdiyevlə Kəmaləddin Heydərov arasındakı bu münasibətlər sadəcə səmimi dostluq hislərinə deyil, sırf biznes maraqlarına söykənir.
İddiaya görə, hər iki şəxsin Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində birgə otelləri, eləcə də digər daşınmaz əmlakları mövcuddur ki, şəriklər bu obyektlərin icarəsindən külli miqdarda vəsait əldə etməkdədirlər. Dubay mülkləri həm Ramiz Mehdiyevin, həm də Kəmaləddin Heydərovun xaricdəki əsas gəlir mənbələrindən biri hesab olunur.
Məlumata görə, bütün bu mülklərin alınması məhz Kəmaləddin Heydərov tərəfindən həyata keçirilib. Kəmaləddin Heydərov biznes sahəsində Ramiz Mehdiyevdən qat-qat səriştəli olduğu üçün bu mülklərin alınmasını öz üzərinə götürüb. Dubaydakı otel və digər daşınmaz əmlak nümunələrinin sənədləşdirilməsi də məhz FHN şefi tərəfindən gerçəkləşdirilib.
Ümid edirik ki, Ramiz Mehdiyevlə bağlı aparılan araşdırma çərçivəsində sabiq aparat rəhbərinin xaricdəki digər əmlakları kimi Dubaydakı otelləri də araşdırılacaq, bu əmlakların gələcək taleyi ilə bağlı hüquqi prizmadan ədalətli qərarlar qəbul ediləcək”.
Əldə etdiyimiz məlumata görə, xaricdəki əmlakları ilə bağlı ölkə mediasında yer alan məqalələr Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin ciddi narahatlığına səbəb olub. Bu əmlakların dövlət tərəfindən müsadirə edilə biləcəyindən narahat olan İlham Əliyev həmin əmlaklardan qazanclı şəkildə qurtulmaq niyyətindədir.
Etibarlı mənbənin dediyinə görə, hazırkı situasiyada Dubaydakı əmlakların təcili şəkildə digər şəxslərin adına keçirilməsi, habelə bu əmlakların satılaraq əldə edilən vəsaitin xarici banklarda yerləşdirilməsi Ramiz Mehdiyevin kürəkəni tərəfindən əsas çıxış yollarından biri kimi dəyərləndirilir. Əgər əlaqədar qurumlar proseslərə çevik müdaxilə etməzsə, ehtimal ki, İlham Əliyev Dubaydakı mülklərin “xilası” istiqamətində müəyyən addımlar atmaq imkanından faydalanacaq, xalqın vəsaiti hesabına alınan bu mülklərin Azərbaycan tərəfindən müsadirəsini çətinləşdirməyə çalışacaq.









