Azərbaycanın iqtisadi qüdrəti, xarici siyasətdə əldə etdiyi mühüm uğurlar və bu gücün formalaşdırdığı yeni reallıqlar fonunda ölkəmizin uğurlarını həzm edə bilməyən qüvvələrin və düşmənlərinin sayı da artmaqdadır. Onlar Azərbaycanın qüdrətini, iqtisadi yüksəlişini, dünya dövlətləri arasında qazandığı nüfuzlu mövqeyi və beynəlxalq təşəbbüslərinin yüksək səviyyədə dəstəklənməsini heç cür həzm edə bilmirlər. Onlar hələ də 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş, ağır siyasi, iqtisadi və hərbi böhranlar yaşayan, parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı görmək istəyirlər. Lakin bugünkü Azərbaycan artıq tamamilə fərqli bir dövlətdir. Şübhəsiz ki, onların bu istəyi reallıqdan uzaqdır.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi dövlətlər, təşkilatlar açıq şəkildə ölkəmizə qarşı qərəzli mövqe tutur, müxtəlif dairələri maliyyələşdirərək onları Azərbaycanın milli maraqlarına zidd çıxışlara sövq edirlər. Bununla yanaşı xaricdə yaşayan bəzi Azərbaycan vətəndaşlarını da bu prosesə cəlb etməyə, ölkələrinə qarşı qərəzli mövqe nümayiş etdirməyə çalışırlar. Düşmən maraqlarına xidmət edən dairələrin təsiri altına düşən bəzi şəxslər də bu kampaniyaya qoşularaq ölkəmiz və dövlətimiz əleyhinə həqiqətə uyğun olmayan iddialar irəli sürür, qərəzli fikirlər səsləndirirlər. Hətta bəzi hallarda etik davranış normalarını aşaraq dövlət və hökumət rəhbərlərini təhqir etməkdən belə çəkinmirlər.
Bunun səbəbi sadədir. Azərbaycan milli maraqlara söykənən müstəqil siyasət yürüdür, heç bir xarici gücün iradəsinə tabe olan marionet dövlət deyil. Ölkəmiz suveren hüquqlarını bərpa edib, milli maraqlarını ardıcıl şəkildə müdafiə edərək beynəlxalq münasibətlər sistemində söz sahibi olan dövlətə çevrilib. Məhz Azərbaycanın müstəqil siyasi iradəsi, artan qüdrəti və qazandığı uğurlar bəzi dairələri ciddi şəkildə narahat edir. Dahilərdən biri qeyd edir ki, insan kiməsə nifrət edirsə, əslində ona uduzub. Bu mənada Azərbaycana nifrət bəsləyənlərin mütləq əksəriyyəti də məhz məğlubiyyətlərinin yaratdığı acını nifrətlə ört-basdır etməyə çalışırlar. Bu sözün bütün mənalarında belədir.
Təhqir və söyüş isə mənəviyyatsızlığın, acizliyin və mədəniyyətsizliyin göstəricisidir. Arqumenti olmayanlar təhqirə əl atır, həqiqəti qəbul edə bilməyənlər isə nifrət dilini seçirlər. Siz artıq uduzmusunuz. Sizi himayə edən qüvvələrlə birlikdə Azərbaycan xalqına və dövlətinə çoxdan məğlub olmusunuz. Bu məğlubiyyətin yaratdığı acını isə təhqir və nifrətlə gizlətməyə çalışırsınız. Ancaq nə təhqir, nə də nifrət həqiqəti dəyişdirə bilməz. Azərbaycan həqiqətini Prezident İlham Əliyev öz qətiyyətli, milli maraqlara və xalqın ruhuna söykənən siyasəti, ardıcıl fəaliyyəti və beynəlxalq nüfuzu ilə yazır. Xalq bunu unutmur. Necə ki, dünənin dostlarını unutmadı, eləcə də bu günün düşmənlərini də unutmur. Xalqın yaddaşı güclüdür, milli maraqlara qarşı yönələn heç bir addım unudulmayacaq!
Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü









