“Hökumətə müxalif olmaq olar, dövlətə əsla!”
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan xalqının dövlətçilik şüurunun güclənməsində mühüm rol oynadığı şübhəsizdir. Dövlət başçısı hər zaman öz çıxış və müsahibələrində hər bir azərbaycanlını dövlətimiz ətrafında sıx birləşməyə səsləyib, həmrəylik faktorunun təhlükəsizlik və tərəqqi üçün həyati önəm kəsb etdiyini bildirib. Məhz bu baxımdan da, Prezident İlham Əliyev müxalif düşüncəli şəxslərin hökumətə müxalifliyinə demokratiyanın bir göstəricisi kimi normal yanaşdığını, lakin dövlətə müxalifliyi qəbul etmədiyini vurğulayıb.
Bu baxımdan dövlət başçısının 18 mart 2025-ci il tarixində Ağdərə rayonunun Həsənriz kəndində dədə-baba yurduna köçən bir qrup sakinlə görüşündə səsləndirdiyi fikirlər xüsusi əhəmiyyətə malikdir. Həmin görüş zamanı sakinlərdən biri Prezidentə xitabən kəndlərində heç vaxt müxalifətçi olmadığını qeyd edib. Vətəndaşın bu sözlərinə İlham Əliyevin verdiyi cavab Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılacaq ifadə olub: “Kişi sakin: …Cənab Prezident, əmin edim ki, bizim kənddə müxalifətçi olmayıb. Bizim kəndin camaatından bir adam fikirləşə bilmirdi ki, kimsə müxalifətçi olub. Heç vaxt. Hamımız təsərrüfatla, dövlətə qulluqla məşğul olmuşuq. İndi də inanmıram, görməmişik, eşitməmişik.
Prezident İlham Əliyev: Olsa da bir problem yoxdur. Əsas dövlətə, dövlətçiliyə müxalifətdə olmasınlar”. (https://president.az/az/articles/view/68350 ). Müzəffər Ali Baş Komandanın bu cavabı dövlət amilinin hökumət məfhumundan qat-qat uca olduğunu, dövlətə müxalifətliyin anlaşılan, bağışlanılacaq bir tərəfinin olmadığını göstərir.
Sevindiricidir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətlə yanaşı, həm də şəxsi nümunə əsasında ortaya qoyduğu bu böyük dövlətçilik şüuru Azərbaycan hakimiyyətinin ən ali, ən elit dairələrində də özünü göstərməkdədir. Buna nümunə olaraq Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına səfəri zamanı xaricdə yaşayan müxalifətçi Tural Sadıqlı ilə dialoqunu göstərmək olar. (https://moderator.az/az/ekskluziv/1007002/hikmet-haciyevden-yad-lkede-domalara-vetenperverlik-dersi/?fbclid=IwY2xjawTPXutleHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEesA3vmsgitrhEt9jOyI4v3dNqDyw6NQv_pnSLxCxWXuOpJ5JQFrWqZBmdmcE_aem_ciZdNUcGYzulnWWzF-Stzw ). Hikmət Hacıyev Tural Sadıqlı ilə söhbətində qeyd etdi ki, xaricdəki müxalifətçilərin hökumət təmsilçisi kimi onun haqqında səsləndirdiyi tənqidlərdən xəbərdardır və bundan əsla narahatlıq duymur. Onda təəssüf doğuran hal xaricdəki bəzi müxalifətçilərin dövləti, Azərbaycanın maraqlarını hədəf almasıdır ki, bu, arttıq müxalifətçilik yox, dövlətə mənəvi xəyanətdir.
Göründüyü kimi, Prezident də, Prezident köməkçisi də sadəcə Azərbaycan vətəndaşlarına deyil, dünyanın istənilən ölkəsində yaşayan hər bir azərbaycanlıya eyni mesajı verir: “Hökumətə müxalif olmaq olar, dövlətə əsla!”
Seymur ƏLİYEV









