Azərbaycanlı şair-jurnalist, publisist, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli Gürcüstan Yazıçılar Birliyinin (GYB) üzvü seçilib.
Tbilisi şəhərində Gürcüstan Yazıçılar Birliyinin (GYB) inzibati binasında şair-jurnalist, publisist, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirlinin gürcü dilinə tərcümə edilmiş “Hər yerdə sənsən” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Gürcüstan Yazıçılar Birliyinin Sədri xanım Makvala Qonaşvili, Gürcüstan və Azərbaycandan olan qələm adamları, tanınmış gürcü sovet yazıçısı, redaktor və ssenarist Nodar Dumbadzenin qızı Manana Dumbadze, tanınmış ictimai xadim, yazıçı Revaz Mişveladze, Tbilisi Dövlət Universtitetin türkoloqiya kafedrasının müdürü Professor xanım Marika Cikiya sözə önəm verən digər nüfuzlu şəxslər və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Gürcüstan Yazıçılar Birliyinin Sədri xanım Makvala Qonaşvili Emil Nəsirlinin yaradıcılığından söz açıb, onun əsərlərində vətənə, xalqa, torpağa, dostluğa bağlılıq, hörmət hisslərinin əks olduğunu qeyd edib. Makvala Qonaşvili bildirib ki, Emil Nəsirlinin yaradıcılığında Gürcüstan dövlətinə və xalqına dost və qardaşlıq çalarları gürcü ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Gürcüstan Yazıçılar Birliyi Emil Nəsirlinin əsərlərini təhlil edib, belə bir yaradıcı insanın öz sıralarında görmək istədiklərini bildiriblər.
“Gürcü dilinə tərcümə olunan əsərləri, şeirləri, roman və hekayələri, Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafına həsr olunan kitabları, tərcümələri həmişə dəstəkləməyə hazırıq” – deyə qeyd edən Makvala Qonaşvili onu da xüsusi qeyd edib ki, iki dost və qardaş ölkənin mədəniyyətinin, mədəni əlaqələrimizin inkişafında rolu olan bu cür insanların əməyinə biganə qalmaq olmaz.
Sonra Makvala Qonaşvili Gürcüstan Yazıçılar Birliyinin üzvlük vəsiqəsini Emil Nəsirliyə təqdim edib.
“Emil Nəsirlinin gürcü dilinə tərcümə edilərək nəfis şəkildə nəşr olunmuş “Hər yerdə sənsən” adlı şeirlər kitabında qələmə aldığı şeirlərin toplaşdığı bu kitabın oxucuların diqqətini çəkəcəyinə inanıram. İnanıram ki, qələm dostumuz şair-publisist Emil Nəsirli bundan sonra da bu mövzularda bir-birindən maraqlı, oxunaqlı və sevilən poeziya nümunələri yaradacaqdır. Elə bu inamın arxasına sığınaraq Emil Nəsirlinin növbəti kitabına uğurlar diləyirəm” – deyə bildirən Makvala Qonaşvili çıxış üçün sözü Emil Nəsirliyə verib.
İlk öncə, şair-jurnalist, publisist, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli Gürcüstan Yazıçılar Birliyinin rəhbərliyi və üzvləri tərəfindən göstərilən etimada, diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Təqdimat mərasimində çıxış edən Emil Nəsirli qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasında ədəbi dostluq əlaqələri davamlı olaraq daim inkişaf edir. Azərbaycan Respublikasının ədəbiyyat və mədəniyyət qurumlarının rəhbərliyinin və əməkdaşlarının Gürcüstana səfərləri, ölkəmizin müvafiq qurumları və azərbaycanlı icması ilə sıx əlaqələri münasibətlərimizin daha da dərinləşməsinə töhfə verir. E.Nəsirli onu da əlavə edib ki, Azərbaycan ilə Gürcüstan arasında ədəbi əlaqələrin genişlənməsinə məhz biz yazıçılar qoşulmalıyıq. Çünki sənətdə, ədəbiyyatda ən başlıca vasitə sözdür. Mədəni əlaqələrin genişlənməsi üçün həm Gürcüstan, həm də Azərbaycan hökuməti öz xoşməramlı dəstəklərini daim göstərirlər və bundan sonra da göstərəcəklər.
Emil Nəsirli onu da vurğulayıb ki, “Hər yerdə sənsən” adlı şeirlər kitabında çap olunan bu şeirləri həm də bir yerə toplayaraq kitab halında dost və qardaş gürcüstanda şeirsevərlərə təqdim edir. Yazmaqdan, poetik axtarışlardan yorulmaq bilməyən Emil Nəsirli son illərdə bir çox şeir kitabları ilə oxucuların görüşünə gəldiyini də xüsusi qeyd edib.
Sonra Emil Nəsirli gürcü dilinə tərcümə edilərək nəfis şəkildə nəşr olunmuş “Hər yerdə sənsən” adlı şeirlər kitabında yer alan çağdaş dünyamızı narahat edən, dünyanın üzləşdiyi problemləri və vətənin ağrısını, acısını, xalqının qədim və qüdrətli tarixini poeziyanın dili ilə oxucuya çatdırmaq istədiyi şeirləri təqdimat mərasimində söyləyib.
Tədbirin sonunda Emil Nəsirli gürcü dilinə tərcümə edilmiş “Hər yerdə sənsən” adlı şeirlər kitabının nüsxələrini mərasim iştirakçılarına hədiyyə edib və onlarla xatirə fotoları çəkdirib.









