Dünya

Ermənistanın yeni Konstitusiyasının layihəsi açıqlandı: Qarabağa aid iddia yoxdur

62
Ötən həftə baş nazir Nikol Paşinyanın bəyan etdiyi kimi, bu gün Ədliyyə Nazirliyi Ermənistan Respublikasının yeni Konstitusiya layihəsini açıqlayıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, layihədə Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

Xatırladaq ki, qüvvədə olan Konstitusiyada aşağıdakı abzas yer alır:
"Erməni xalqı Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş erməni dövlətçiliyinin fundamental prinsiplərini və ümummilli məqsədlərini əsas götürərək, suveren dövlətin bərpası ilə bağlı azadlıqsevər əcdadlarının müqəddəs vəsiyyətini həyata keçirərək, vətənin möhkəmləndirilməsi və çiçəklənməsi işinə sadiq qalaraq, nəsillərin azadlığını, ümumi rifahını və vətəndaş həmrəyliyini təmin etmək məqsədilə, ümumbəşəri dəyərlərə sadiqliyini təsdiqləyərək Ermənistan Respublikasının Konstitusiyasını qəbul edir".

Müstəqillik Bəyannaməsində isə Qarabağ və qondarma “erməni soyqırımı” ifadələri əksini tapır, həmçinin  Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının olduğu Müstəqillik Bəyannaməsinə istinad var.
Xüsusilə, Bəyannamədə deyilir:
“Ermənistan SSR Ali Soveti, Ermənistan xalqının vahid iradəsini ifadə edərək,
bütün erməniliyin arzularının həyata keçirilməsi və tarixi ədalətin bərpası işində erməni xalqının taleyinə görə öz məsuliyyətini dərk edərək, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərindən və beynəlxalq hüququn hamılıqla tanınmış normalarından çıxış edərək, millətlərin azad öz müqəddəratını təyinetmə hüququnu həyata keçirərək,
Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının “Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli birgə qərarına əsaslanaraq,
1918-ci il mayın 28-də yaradılmış müstəqil Ermənistan Respublikasının demokratik ənənələrini inkişaf etdirərək, demokratik, hüquqi ictimai quruluş yaratmaq vəzifəsini qarşıya qoyaraq,
müstəqil dövlətçiliyin bərqərar olması prosesinin başlandığını elan edir”.
Bundan əlavə, Bəyannamənin 11-ci bəndində qeyd olunur: “11. Ermənistan Respublikası Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda 1915-ci il erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”.

Erməni mediası bildirir ki, yeni Konstitusiya layihəsində parlament idarəetmə forması saxlanılır.
Erməni Apostol Kilsəsinə aid müddəa isə dəyişməz qalıb.

Qeyd edək ki, Azərbaycan dövləti Ermənistan Konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarını çıxartmayınca, sülh sazişinin imzalanmasını mümkünsüz sayır.
Musavat.com

Oxşar xəbərlər

↑