Vətəndaş Həmrəyliyi Partiyası son vaxtlar baş verən olaylar Ramiz Mehdiyevlə bağlı aparılan istintaqın gedişi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Azərbaycan bir dövlət və xalq olaraq tarixinin ən mühüm və həlledici dönəmini yaşayır. Ötən əsrin sonlarında müstəqilliyimizi qazanarkən yaranmış gərgin siyasi situasiyadan fərqli olaraq bu gün qalib dövlətə sahib olma üstünlüyümüz var. 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ölkədə misilsiz milli həmrəylik yaratdı. Dövlət, vətəndaş cəmiyyəti və xalq müqəddəs məqsəd ətrafında birləşdi. Bütün dünya azərbaycanlıları dərindən dərk edir ki, Zəfər Savaşı və ardında 23 saatlıq antiterror əməliyyatı nəticəsində təkcə ərazi bütövlüyümüz bərpa edilməmiş, eyni zamanda Azərbaycan xalqının qüruru özünə qayıtmış və Azərbaycan dünya dövlətləri sırasında qalib dövlətə çevrilmişdir. Bu gün Azərbaycan beynəlxalq miqyasda söz sahibidir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş sürətlə həyata keçirilən bərpa-quruculuq işləri əzəli torpaqlarımıza həyat bəxş edir, eləcə də bütün dünyaya Azərbaycanın gücünü nümayiş etdirir.
Vətəndaş Həmrəyliyi partiyası milli məsələdə müalif maraqların arxa plana keçdiyini əsas tutaraq həm Zəfər savaşı dönəmində, həm də ondan sonra dövlətçilik mövqeyindən çıxış etməklə yanaçı, daxili idarəçilikdə bəzi sosial və hüquqi problemlərə də müxalif mövqeyini açıq şəkildə bildirmişdir. VHP yarandığı gündən bu günə kimi müxalifət partiyalarının təşkil etdiyi əksər birlik, blok və digər qurumlarda iştirak etməklə yanaşı heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirmişdir. Bölgədə gedən mürəkkəb ictimai-siyasi proseslər vətəndaş həmrəyliyinin Azərbaycan cəmiyyəti üçün ən düzgün və gələcəyimizə yönəli ideologiya olduğunu sübut etmişdir. Eyni zamanda Vətəndaş Həmrəyliyi Partiyası bir sıra beynəlxalq təşkilatlar, siyasi qurumlar və xarici ölkələrin siyasi partiyaları ilə əməkdaşlıq etmiş, beynəlxalq siyasi təşkilatlarla sıx əlaqələr qurmuşdur. Ancaq heç bir halda və heç bir məsələdə Azərbaycanın müstəqilliyi, suverenliyi və dövlət maraqları bu siyasi əlaqələrdən önə keçməmişdir. VHP olaraq ideoloji prinsipimiz milli birlik, siyasi mübarizəmiz isə ölkə qanunları çərçivəsində seçki yoluna söykənib. Məhz bu dəyişməz və düzgün yol partiyanın uzun illər parlamentdə ana müxalifət mövqeyini qoruyub saxlayıb.
Biz hər zaman olduğu kimi bu gün də Vətəndaş Həmrəyliyi Partiyası olaraq ölkədə siyasi sistemdə yabançı təsirlərə qarşı aparılan prosesi dəstəkləyirik. Bu baxımdan uzun illər yüksək post tutmuş və idarəçilikdə söz sahibi olmuş Ramiz Mehdiyevlə bağlı istintaqın gedişi tərəfimizdən diqqətlə izlənilir. R.Mehdiyev vəzifə başında olarkən onun idarəçilik qüsurları, antimilli mövqeyi haqda açıq və ən sərt fikirlər məhz VHP sədri Sabir Rüstəmxanlı tərəfindən deyilib və yazılıb. Bu mövqe partiyanın bəyanatlarında da əksini tapıb. Mehdiyev şəbəkəsinin hakimiyyət düşərgəsi ilə yanaşı, müxalif sferada da kök atma ehtimalı inkar olunmazdır. Bu baxımdan siyasi gündəmi silkələyən həbslər qaçılmazdır. Vətəndaş Həmrəyliyi Partiyası olaraq sözügedən prosesdə AXCP sədri Əli Kərimlinin və ona yaxın şəxslərin həbsi ilə bağlı cəmiyyətin istintaq sirlərini qorumaqla tam şəkildə məlumatlandırılmasını vacib sayır. Azərbaycanın dövlət qurluşuna, suverenliyinə yönələn hər hansı fəaliyyətdə vəzifəli şəxslər kimi, siyasi titullu şəxslər də toxunulmaz deyil. Bu baxımdan dövlətçilik maraqları bütün sərt addımların atılmasına haqq qazandırır. Regionumuzun indiki gərgin geopolitik durumunda məlum həbslər qaçılmaz hesab olunubsa bunu vəndaş mövqeyindən anlayışla qarşılamaq lazımdır. Vətəndaş Həmrəyliyi Partiyası dövlətin istintaq və məhkəmə sisteminin ədalətinə güvənərək prosesin məhs bu prinsiplə yekunlaşacağına inamını ifadə edir”.









