“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp juranlistlərin onun Ukraynaya dair “sülh planı”yla bağlı sualını cavablandırarkən deyib. Tramp Rusiyanın guya “sülh planı”na razılıq verdiyini iddia edib, Ukrayna Prezidenti Volodimir Zelenskinin isə hətta “hələ onu oxumadığını” qeyd edib.
Trampdan Ukrayna-Rusiya sülh danışıqlarında növbəti addımın nə olacağı soruşulub. ABŞ başçısı günahı yenə Zelenskinin üzərinə atıb: “Biz Prezident Putin və Ukrayna liderləri, xüsusən də Prezident Zelenski ilə danışdıq. Və deməliyəm ki, Prezident Zelenskinin hələ təklifi oxumamasından bir az məyus oldum. Bu, bir neçə saat əvvəl idi. Onun adamları bunu bəyəndi, o özü isə yox”.
Növbəti qeyri-müəyyən və dolaşıq açıqlaması ilə guya Zelenskinin son sülh planı variant ilə hələ də tanış olmadığını iddia edən Tramp Rusiyanınsa guya planla razılaşdığını deyib: “Düşünürəm ki, Rusiya, əgər düşünsəniz, bütün ölkəyə (Ukraynaya-red.) sahib olmaq istərdi. Amma inanıram ki, Rusiya sülh planı ilə razılaşır. Amma əmin deyiləm ki, Zelenski bununla razılaşır. Onun komandası bunu dəstəkləyir və o isə hələ də oxumayıb”.
Xatırladaq ki, Trampın elçilərini Moskvada qəbul edəndən sonra Vladimir Putin əvvəlki tələblərini daha da sərt formada təkrarlayıb. Qırğızıstandakı çıxışı zamanı hərbi əməliyyatların yalnız “Ukrayna qoşunları mövqelərindən geri çəkiləndən sonra” dayana biləcəyini deyib. Daha sonra hindistanlı jurnalistlərə açıqlamasında Rusiyanın Donbası və “Novorossiya”nı onsuz da “hərbi, ya da başqa yolla azad edəcəyini” əlavə edib.
Onun köməkçisi Yuri Uşakov isə açıq şəkildə “sülh planı”nın bir çox maddələrinin Kreml üçün qəbuledilməz olduğunu və bu təkliflərin rədd edildiyini söyləyib. Nəticədə, hətta Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşner danışıqlardan sonra Volodimir Zelenski ilə təyin etdikləri görüşü belə ləğv ediblər.
Bütün bunlardan sonra Trampın yenə Zelenskini günahkar çıxarması və Putini sülhsevər kimi təqdim etməsi qəribə, hətta əcaib görünür.









