Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq. Bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib. Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək. Qısa siyahıya düşən digər 4 nəfərin hər birinə 2000 manat ödəniləcək.
Azərbaycan Kitab Mükafatının ədalətli təşkil olunması üçün hansı təklifləri irəli sürərdiniz?
Sizcə müsabiqə yalnız çap olunmamış, tam anonim təqdim edilən əsərlərlə keçirilsə daha ədalətli olar?
Mövzu ilə bağlı qələm adamları Tribuna.az–ın suallarınını cavabladı:
Maral Yaqubova
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Gözəl təşəbbüsdür. Ədəbiyyatın bu şəkildə (yetərincə ciddi rəqəmlə) gündəmə gəlməsi yaxşı haldır. Təşəbbüsü irəli sürənlər hər halda seçim mexanizmi və prosesi barədə düşünüblər, mükafatın formatı, mərhələləri və şərtləri artıq müəyyənləşdirilib.
Bu məlumat ortaya çıxar-çıxmaz ədalətli seçim, doğru qərar kimi məsələlər də müzakirə obyektinə çevrilib. Kim seçəcək, necə və nəyə əsasən seçəcək suallarına kim seçilə bilər, nə seçilə bilər suallarından daha çox cavab axtarılır. Şübhə və narahatçılıq duyğusu sevinc və motivasiya hissini bir qədər üstələyib. Subyektivlik və obyektivlik parametrləri üzərindən indidən ön hökmlər səslənir. İndidən öz üzərində şübhələr yaradan mükafat prosesi bu şübhələri dağıtmaq üçün ciddi addımlar ata bilər. Düşünürəm ki, mükafat prosesinə qədər reaksiyalar analiz edilməlidir. Professional auditoriyanın (yazıçı, şair, tənqidçi, alim, jurnalist və b.) mövqeyi analitik təhlillər, sorğular, sosial anketlər kimi vasitələrlə şərh olunmalı, bu sahədə dünya təcrübəsi ilə müqayisə edilməli və ən optimal variant seçilməlidir.
Ədəbiyyatın mahiyyəti belədir ki, onun ən yaxşı halını hər hansı bir meyarla, ölçü ilə, mövcud qəliblərlə təyin etmək olmur. Ədəbiyyat öz meyarlarını özü yaradır. Hər hansı formul-düstur əsasında ən yaxşı əsəri təyin eləmək effektiv marker ola bilmir. Ədəbiyyatda ən yaxşı əsəri təyin etmək özü də yaradıcı düşüncəyə xas çeviklik tələb edir. Bədii faktı “ən yaxşı əsər”ə çevirən yaradıcı proses kəşf olunur, adlandırılır və əsaslandırılır. Bu da subyektiv peşəkarlıq tələb edir. Subyektiv peşəkarlıq öz dünyagörüşünə, zövqünə, təcrübəsinə, bilgisinə görə bir əsəri “ən yaxşı əsər” kimi görə bilər. Ədaləti qorumaq isə öz subyektiv peşəkarlığını obyektiv məsuliyyət hissi ilə nizamlamaqla başlayır. Ədalətin yalnız məxfi və anonim olanda ortaya çıxa biləcəyinə dair daşlaşmış fikirlərimizi qırmağımız lazımdır. Mərhələlər üzrə müsabiqəyə təqdim olunan kitablar haqda rəylərin, hansı kitabın hansı səbəbdən müsabiqədən keçməməsini və ya mükafata layiq görülməsini əsaslandıran qərarların imzalı şəkildə mediada öz əksini tapması daha yaxşı olardı. Mükafat ətrafında ilkin müzakirələr göstərir ki, şəffaflığa ehtiyac var, şəffaflıq isə məxfi və anonim olanda deyil, aşkar olandadır. Bədii əsərin müəllifi də, bu əsərin rəyçisi də öz sözünün məsuliyyətini daşımalıdır.
İstənilən halda mükafat məsələsi bir canlanma yaradıb. Çoxtərəfli bir prosesin başlanmasına təkan verir. Müasir Azərbaycan ədəbiyyatında yaxşı əsərlər var, bu müsabiqənin daha yaxşı əsərlərin yazılması istiqamətində uğurlu addım olacağını düşünürəm.
Qurban Yaquboğlu
Yazıçı
Azərbaycan Kitab Mükafatının təsis olunacağı xəbərinin milli ədəbiyyatımızın bugün hamını narazı salan durumuna müsbət təsir göstərəcəyi ehtimalı böyükdür.
Ədəbiyyatın inkişafı üçün nüfuzlu imza, yaxşı mətn, səviyyəli və rəqabətli ədəbi mühit mühüm komponentlər hesab olunur. Belə iddia edilir ki, hazırda bizdə ilk ikisi var, problem üçüncüdədir.
Fikrimcə, üçüncü komponenti ehtiva edən amilə dövlətin mükafat vasitəsilə güclü təsiri ümumi vəziyyəti hazırda mövcud olan ölü nöqtədən tərpədə bilər; yəni belə bir ümid var…
Amma qurum təsis eləmək onun ədalətli fəaliyyətini təmin eləməkdən qat-qat asandır. Bu baxımdan Mükafatın əsasnamə və nizamnaməsi elə tərtib olunmalı, münsiflərin tərkibi və ümumi proseduralar elə müəyyənləşdirilməlidir ki, əksəriyyəti razı salan maksimum ədalətli nəticə əldə olunsun.
Yuxarıda sadaladıqlarıma (Mükafatı tənzimləyən sənədlər, münsiflərin tərkibi və ümumi prosedurlar) bəzi əlavələrim də var. Məsələn, Mükafata yaş, mövzu, janr məhdudiyyəti qoyulmamalıdı.
Mükafata çap olunmuş əsərlər təqdim oluna bilərmi? Ciddi və cavabı çətin suallardan biri də budur. Mükafat elan ediləndən sonra sürətlə əsər yazıb çatdıran olacaqmı? Belə bir “sürətli yarış” yaxşı mətnin mükafatlandırılması prinsipinə zidd olmayacaq ki?
Fikrimcə, ilk prosesə istisna hal kimi son 1, yaxud 2 ildə çap olunmuş əsərlər də daxil edilə bilər.
Sonrakı illərdə mükfatlandırma dövriyyəsinə yalnız çap olunmamış və anonim şəkildə təqdim edilmiş əsərlərin daxil edilməsi daha doğru sayılar.
Kamran Nəzirli
Yazıçı-tərcüməçi
Nə əcəb! Çoxdan olmalıydı. Şərtlər sadələşdirilməlidir. Münsiflər kimlər olacaq? Tam anonim olsun. Yenə tanış-bilişlə olacaqsa, o zaman heç bir ədalətli qərardan söhbət getməz. Sovet dövrünü yada salın. Dövlət mükafatlarının əksəriyyəti vəzifəsi və yuxarıda adamı olan müəlliflərə verirdilər. Gəlin inanaq ki, bu dəfə belə olmayacaq.
Və mən inanıram ki, bir gün qonorar sisteminə də əl gəzdirəcəklər. Şairlər, yazıçılar qəpik-quruş yox, sanballı qonorarlar ala biləcəklər.
Etimad Başkeçid
Azərbaycanda, demək olar, bütün ədəbi mükafatların iflasa uğramasının yalnız bir səbəbi var: müsabiqəni ədalətli təşkil edə bilmirlər.
Bizdə ümumiyyətlə müsabiqə mədəniyyəti formalaşmayıb. İndiyədək təşkil edilən bütün müsabiqələrin aqibəti bunu göstərir. Hər dəfə postfaktum məlum olur ki, komissiya üzvləri bu və ya digər şəkildə üzgörənlik eləyib.
Bir dəfə tamahsınıb, Mədəniyyət Nazirliyinin keçirdiyi tərcümə müsabiqəsinə əsər təqdim eləmişdim. Orda komissiya üzvlərindən birinin, konkret olaraq, məni sıradan çıxarmaq üçün necə hoqqalar verdiyini öyrənəndə əlim üzümdə qalmışdı. Özü də ədalətsizcəsinə və mənim tərcümələrimin keyfiyyətini bilə-bilə! Bu adam təkbaşına bütün digər komissiya üzvlərinin üzünü yenməyi bacarmışdı.
İnsanlar müsabiqə komissiyalarına inanmır, bu böyük problemdir. Komissiyalar da insanların ən pis təxminlərini və gümanlarını doğrultmaq üçün hər şey edirlər. Ağzıbütöv, sözübütöv, ədəbiyyatdan, sənətdən başı çıxan, qərəzsiz, vicdanlı bir neçə adam tapmaq nə çətin işdir axı? Niyə eyni adam(lar) ölkədə təşkil edilən bütün komissiyaların içindən zühur eləyir?
Əziz dostlar, gözəl insanlar, ədalətli ədəbiyyat müsabiqəsi təşkil etmək çətin deyil. Bizim şəraitdə nə qədər inanılmaz görsənsə də!
Əvvəla, müsabiqənin məqsədi və hədəfi müəyyənləşməlidir: bu müsabiqə nə üçün keçirilir? Biz yeni müəlliflər, təzə imzalar üzə çıxarmaq istəyirik, yoxsa hansısa janrı populyarlaşdırmaq məqsədi güdürük? Müsabiqəni kimlər üçün keçiririk: yeni yazmağa başlayan müəlliflər, yeniyetmələr, professionallar və s.? Hansı janrlardan söhbət gedir: nəsr, poeziya, fentezi, qarışıq janr? Bu detallar müəyyənləşməsə, dəyərləndirmələrdə böyük bir hərc-mərclik yaranır. Həmişə olduğu kimi.
Bütün bunlar ona görə lazımdır ki, müəlliflər kriteriyaları bilsin; jüri isə öz yanaşmasını formalaşdırsın.
Başqa bir məqam: müəlliflərin anonimliyi gözlənilməli və təmin olunmalıdır. Burada ədalət prinsipinin ən əsas elementi budur: müəlliflər mətni imzasız göndərir; təşkilatçı mətnləri nömrələyir; jüri yalnız kodlaşmış, imzasız mətnə işləyir.
Beləcə, şəxsi simpatiyalar, tanınmışlıq, filan kimi elementlər ortadan qalxmış olur.
Daha bir məqam: dəyərləndirmələrin mümkün qədər dəqiq kriteriyaları müəyyənləşməlidir: məsələn, dilin ifadəliliyi, süjet və kompozisiyanın məntiqi, dinamikası, ideyanın orijinallığı və s. kimi məsələlərin hər biri üzrə 1-dən 10-a qədər ballar qoyula bilər.
Komissiya üzvlərinin hər biri mətni ayrıca oxumalıdır, bir yerə toplaşıb “gəlin bunu belə eləyək, onu elə eləyək” deyə hərə öz namizədini sırımağa çalışmamalıdır.
Ən əsası, barıt quru olmalıdır – bir işi həvalə etdiyiniz adamların, jüri üzvlərinin möcüzəvi şəkildə qərəzsiz olması, qaydalara adam balası kimi doğru-dürüst riayət eləməsi nəzərdə tutulur. Bunsuz heç başlamağa dəyməz. Onsuz da, zaman keçir, əvvəl-axır hər şey hər kəsə bəlli olur!
“Kitab mükafatı” adı, məncə, uğurlu deyil. Əgər bu, dövlət qurumunun təşkilatçılığı və maliyyəsi ilə başa gəlirsə, nəyə görə keçmişdə uzun müddət ali ədəbi təltif kimi mövcud olmuş “Azərbaycan Respublikasının Dövlət Mükafatı” adını daşımasın? Pul dövlət büdcəsindən çıxmırmı? Qələm əhlinə qarşı belə qısqanclığı başa düşmək olmur. Halbuki, bu dövlətin azadlığı və müstəqilliyi uğrunda mübarizənin ən qanlı yerində bütün dövrlərdə məhz qələm adamları – yazıçılar və şairlər duraraq can qurban veriblər.
İkinci, nəyə görə Mədəniyyət nazirinin müavini “gənc yazarlarla” görüşdə ədəbi mühitimiz üçün vacib olan bu məsələni gündəmə gətirib qərarlaşdırır? Məncə, o vəzifələrə göydən düşmüş çinovniklərin Azərbaycan istiqlalı uğrunda uzun illər boyu həm ideoloji, həm fiziki, həm də mənəvi mübarizə aparmış yaşlı nəsil yazıçı və şairlərlə görüşməyə, yumşaq desək, nəfəsi çatmaz. Ona görə gedib “gənc” axtarırlar.
Mən rəhbəri olduğum QHT adından Mədəniyyət Nazirliyinə iki il dalbadal ədəbi layihə təqdim etmişəm. Layihəni maliyyələşdirməməkləri bir yana dursun, bunlar – bu harın, konyunkturçu və ədəbiyyatdan bixəbərlər, öz qərarları haqda layihə müəlliflərinə xəbər verməmək qədərində mədəniyyətsiz və nankordurlar. Ona görə bu qurumun təşkilatçılığı ilə keçirilən müsabiqələrdə həqiqi ədəbi dəyərlərin axtarılıb tapılacağına və mükafatlandırılacağına şübhə edirəm.
Cavanşir Yusifli
Tənqidçi
Çox yaxşı addımdır. Amma məntiqi əsaslarla, ilkin versiyada çap olunan, mətn yəqin ki, Quran ayəsi, hökm deyil. Onu işləmək, genişləndirmək, reallığa uyğunlaşdırmaq lazımdır. Adətən bu mükafatlar bizim kimi ölkələrdə, o vaxt tez-tez olurdu. İndi 50 min manat mükafat da çox yaxşıdır. Ümumiyyətlə müsabiqələr kitabı tanıtmaq, ədəbiyyatı, ədəbi prosesi canlandırmaq məqsədi güdür. Həm də nəşriyyatların uğurlu şəkildə işə qoşulmasını təmin edir. Əlbəttə konfidensiallıq təmin olunmalıdır. Amma nəşriyyatlar kitabları təqdim edirsə, bu bir az mürəkkəb məsələ olacaq. Müsabiqə mərhələlərini izləmək lazımdır. Çalışmaq lazımdır ki, elə hallar var ki, onlar olmasın. Üzgörənlik, kiməsə, layiq olmadığı halda üstünlük vermə olmamalıdır. Jürilər də insandır. Etiraf edək ki, elə adamlar tanıyırıq ki, hansısa orqanın və s. elan etdiyi müsabiqələrdə ümumiyyətlə yırtıcılıq edirlər. Öz istədiklərini edirlər. Hər bir münsifin işi vicdan işidir. Buna ləkə vurmaq, çirkləndirmək olmaz. Başqa bir sual çıxır ortaya. Bu meymunu yada salmaq məsələsidir. İnsanlar indiyə qədər oturub pis-yaxşı yazırdılar. Mükafatın qarşısında oturub, qələmə sarılıb ortadan yuxarı əsər yazmaq mümkün olacaqmı? Ümumiyyətlə, bunlar hamısı maliyyədir. 4 dildə tərcümə, xarici ölkədə çapı olacaq. Görəsən, bu ölkələr hansılardır? Çap olunan əsərləri orada oxuyacaqlarmı? Yəni, bunun alt yapısı, təbliğat maşını olmalıdır. Bunun o qədər aksesuarları var ki, təmin etmək vaxt aparacaq. Mənim fikrimdə hazır əsərlər var. Kimin hansı romanını, kitabını təqdim olar deyə, siyahı var. Mən ədəbi prosesin içindəyəm. Daim onları oxuyuram. Öz-özlüyümdə qiymətləndirirəm. Çalışıram ki, heç zaman ədalətsizliyə yol verməyim. Kimisə yalandan tərifləmək, tənqid etmək bizim prosesin içində var. Mühitdə o qədər kinli və aqressiv adamlar var ki, ora keçən kimi bunu yayırlar. Ümumilikdə yaxşı addımdır. Onlara da mən bəri başdan xoş niyyətlərimi bildirmək istəyirəm. Çünki bütün nazirliklər maliyyə ehtiyatlarından, onlara verilən büdcədən bu şəkildə istifadə edərlərsə, çox yaxşı olar. Bizim ədəbi prosesdə də, cəmiyyətdə də müəyyən bir aydınlığın yaranmasına səbəb olar.
Qulu Məhərrəmli
Fiologiya elmləri doktoru, professor
Mən belə hesab edirəm ki, Kitab Mükafatının təsis olunması çox əla təşəbbüsdür. Yaradıcılığı, peşəkarlığı, sənətkarlığı, yazıçıları stimullaşdırmaq üçün çox gözəl addımdır. Və qalibin kitablarının başqa dillərə tərcüməsi, yayılması, tirajının təmin olunması – bunlar müsbət hadisələrdir. Amma mükafatın ədalətli verilməsi əsas məsələdir. Əvvəla, bunları kim seçəcək? Hansı kriteriyalarla seçəcək? Bu çox önəmlidir. Çünki bizdə mükafatlar çox az-az hallarda obyektiv və vicdanlı şəkildə seçilir. Ona görə də, mənə elə gəlir ki, jüri üzvləri üçün müəyyən kriteriyalar müəyyənləşdirilməlidir. Hətta, onlar üçün də maddi stimul olmalıdır ki, onlar özlərini ifadə edə bilələr. Onlar ədəbi zövqü yüksək olan insanlar olsun. Müxtəlif peşələrin sahibləri, intellektual insanlar, vicdanlı, dürüst, obyektiv jürilər olsun. Çünki bu məmləkətdə ən çox çatışmayan cəhət vicdanlı və ləyaqətli insanlardır. O cür adamlar seçilsə, hesab edirəm ki, hər halda, obyektiv olar. Bu gün Azərbaycanda ədəbi prosesdə müəyyən tendensiyalar var. Yaxşı meyllər var. Təəssüf ki, qrafamonluq da var. Bax, o ədəbi mühitin korlanması, yaxşını müəyyənləşdirməyə, kriteriyaları dəqiqləşdirməyə maneələr yaradır. Elə adamlar olmalıdır ki, həm dünya ədəbiyyatından xəbərdar olsun, həm də müasir nəsrin, poeziyanın trendlərini bilsin. Əlbəttə ki, ən əsası şəxsiyyətli, ləyaqətli, ədəbi zövqü olan şəxslər olsun ki, seçə bilsinlər.
Elnarə Akimova
Ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru
Milli Kitab Mükafatının təsis olunmasını çox yüksək, son illərin ən əhəmiyyətli hadisəsi kimi dəyərləndirirəm. Bilirsiz ki, bununla bağlı silsilə müzakirələrdə, parlamentin komitə və plenar iclaslarında məsələni qaldırmışam. Çox yaxşıdır ki, buna tez bir zamanda müsbət reaksiya verildi. Düşünürəm ki, bu yazarlarımızın yaradıcılıqlarının stimullaşmasında mühüm amilə çevriləcək və ədəbi mühitə bir hərəkətlənmə gətirəcək. Çünki bu mükafatın hədəfi yalnız ölkə daxilində dəyərləndirmə ilə bitmir, qalib olan müəllifin ən son halda dünyada tanıdılması kimi perspektiv imkanı çevrələyir ki, biz daim elə bu məqama israrlı olmuşuq. Amma əlbəttə ki, burada çox incə, çox önəmli kriteriyalar işləməlidir. Müsabiqə o zaman siqlətli bir hərəkata çevriləcək ki, onun nüfuzu layiqincə qorunacaq. Bu nüfuzu kim qoruyacaq? Təşkilat komitəsi, münsiflər heyəti, onların ədalətliyi, obyektivliyi, peşəkarlığı və prinsipiallığı! Bu amillərdən biri istisna olarsa, nəticə soldakı sıfır qədər mənasız qalacaq. Görün, necə böyük rezonans doğurdu bu xəbər, coşğu və sevinc hissi yazarlara gözəl bir motivasiya verdi. Bu inamı qorumaq müsabiqənin gedişindən asılı olacaq. İnanıram ki, məsələnin məsuliyyətini işin içində olan hər kəs dərk edəcək.
Münsiflərin anonim olmasının və ya cəmiyyətə açıqlanmasını isə düşünürəm ki, fərqi yoxdur. Onsuz da ədəbi həyatımızda hər imzanın kimliyi bəllidir. Hamının ədalət meyarı, ədəbiyyata, mətnə yanaşma prinsipləri meydandadır. Sadəcə kifayət qədər ciddi filoloji bazaya, elmi-nəzəri və ədəbi potensiala malik ədəbiyyatşünaslar, mətn duyumu olan tənqidçilər bu işdə münsif statusu rolunda olmalıdırlar. Digər tərəfdən, burada dövlətin ədəbiyyata ayırdığı diqqətə qarşılıq olaraq etimadı doğrultmaq da vacibdir. Yalnız dürüstlük və obyektivlik
sayəsində! Əsərlərin yeni olmasının vacibliyi sualınıza gəlincə isə, məncə sırf bu müsabiqə üçün tələsik əsər yazmaq o qədər də effekt verməz. Şərtlərdə deyildiyi kimi, həm yeni, həm də artıq ədəbiyyatımızda mövcud olan əsərlər təqdim olunsa daha doğru olar. Burada işin peşəkarlığı təbii ki, münsiflər heyətinin obyektiv seçimindən və bu seçim azadlığına qarışmamaq hüququndan asılıdır və buna nail olsaq, düşünürəm ki, biz bu müsabiqənin nüfuzunu daha da artırmış olacağıq.
Zahid Sarıtorpaq
Şair, yazıçı-tərcüməçi
Əlbəttə, bu çox gözəl bir təşəbbüsdür. Bizim ədiblər bu barədə münasibət bildirdi, mən onların əksəriyyəti ilə razıyam. Burada ən vacib olan şeylərdən biri odur ki, istərdim əsərlər münsiflərə anonim şəkildə təqdim olunsun. Əgər əsər kitab şəklində veriləcəksə, orada artıq müəllifin kim olduğunu biləcəklər. Münsiflərin kimə necə münasibəti var, onu bilmək olmur. Hər halda münsiflər samballı, ədəbiyyatı gözəl bilən ədiblər olmalıdır. Bunlar nəzərə alınsa, çox əla olar. Mən bütün həmkarlarımı bu münasibətlə təbrik edirəm. Ancaq münsiflərin anonim qalması, və kimliyinin bilinməməsi təşkil edilməlidir. Təbii ki, qalib məlum olduqdan sonra münsiflər ortaya çıxsa, daha yaxşı olar. Gərək nəşr olunan əsərlər də imzasız, əlyazma və ya elektron formada göndərilə bilər. Çünki biz bu barədə hansı münasibətlərin olduğunu bilirik. Nazirliyin bu addımı alqışlanmalıdır. İştirak etmək qismət olsa, biz də qatılarıq.
Azad Qaradərəli
Mən həm də futbol azarkeşiyəm. Futbola böyük marağım var. Xüsusilə Türkiyə liqasını maraqla izləyirəm. Orada “Qalatasaray”ın oyunlarına azarkeşlik edirəm. Bizdə isə təbii ki, “Qarabağ”ın xaricilərlə oyunlarına azarkeşlik edirəm. Bunu ona görə dedim ki, Türkiyədə “Fənərbaxça” “Qalatasaray”ın əzəli rəqibidir. Bir müddət ayağını dirədi ki, “ədalətsizlik olur, “Qalatasaray” dalbadal çempion olur, biz çempion ola bilmirik. Ona görə də xaricdən hakim təyin etmək lazımdır”. Xaricdən hakim təyin etdilər, yenə də “Qalatasaray” çempion oldu. Hətta bu il də “Qalatasaray” çempion olacaq. Çünki “Qalatasaray” çox güclü komandadır. Bizdə kitab, əsər, kino müsabiqəsi keçirmək üçün hökmən xaricdən münsif dəvət etmək lazım gələcək. Çünki biz hələ o səviyyəyə çatmamışıq ki, öz əsərlərimizə özümüz qiymət verək. Yəni, bizim mayamıza haram qatıblar. Biz 70 il Rusiyanın, ondan əvvəl də 100 il Çar Rusiyasının əsarətində olmuşuq. Ondna əvvəl də İran şah rejiminin dəyənəyini görmüşük. Biz müstəqil dövlət olmamışıq deyə, özümüzün qanun və qaydalarımız olmadığı üçün uzun müddət yad adamların bizi idarə etməsini öyrənmişik. Bu məsələ ona görə də çətindir. Müstəqilliyimizin tarixi də çox azdır. Cəmi 30 ildir. Ən azı 100 il keçməlidir ki, dövlətçiliyimiz möhkəmlənsin. Rusiya kimi quldur, bandit ölkənin qonşuluğundayıq. İran kimi bir gerizəkalı bir ölkənin qonşuluğundayıq. Ona görə də bizim inkişafımız qərbə doğru olmalıdır. Biz Avropa, Amerika, demokratik dəyərlərə söykənən bir inkişaf yolu keçməliyik. Və bundan sonra elə bilirəm ki, bizdə də belə şeylər olacaq. Amma indi çox d naümid olmayaq. Mən bizim gənclərimizə çox böyük ümid bəsləyirəm. Mən 72 il yaşamışam. Yazdığımı yazmışam. Bundan sonra nə şedevr yazanam, nə də yazdıqlarımı açıq deyim, şedevr hesab etmirəm. Yazdıqlarımı ancaq mən yaza bilərdim. Ancaq bizim yazdıqlarımız şəssən gənclər üçün ayaq yeri olacaq. Onlar ayaqlarını qoymağa yer axtaranda, bizim əsərlərimizin üzərindən adlayıb keçəndə ayaqlarını qoyacaqlar, baxacaqlar. Mən gənclərə ümid bəsləyirəm. İnanıram ki, gənclər gələcəkdə bax, bu mükafatları bir-biri ilə vuruşa-vuruşa alacaqlar. O vaxt bizdə amerikalıların keçirdiyi “Azadlıq Radiosu”nun müsabiqəsi vardı. Gözəl və maraqlı təşkil olunurdu. Çünki onu amerikalılar təşkil edirdi. Düzdür, münsiflər bizimkilər olurdu. Amma adamları və nəzarəti onlar təyin edirdi. O müsabiqələrdə mən də qalib olmuşam. Mən ümid edirəm ki, bizim müstəqil dövlətimiz inkişaf edəcək. Biz gələcəkdə demokratik ölkəyə çevriləcəyik. Onda bizim gənclərimiz mən yaşda olacaqlar. Bəlkə o zaman bizdə real müsabiqələr olacaq. Onda xaricə də çıxa biləcəklər. İndi isə kim iştirak edəcəksə, onlara uğurlar arzu edirəm. Mən şəxsən belə müsabiqələrə əsər təqdim edən deyiləm. Ona görə ki, qətiyyən reallığına inanmıram. Amma gələcəkdə real olacağına inanıram. Hər halda, bütün müsabiqələri uğurlu irəli atılmış addım hesab edirəm. Və bu müsabiqələri təşkil edənlər kimlərdirsə, pis-yaxşı necə edəcəklərsə, onları təbrik edirəm. Və gələcək qalibə də həqiqi qalibə uğurlar arzulayıram.
Azər Turan
Tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru
Bu, münsiflərin dünyada gedən ədəbi prosesləri hansı dərəcədə bilməsindən, onların təkcə ədəbi zövqünün deyil, filoloji elmi biliklərinin səviyyəsindən asılı olacaq. Ədalətli qərarın verilməsi üçün isə münsiflər məsələsində kifayət qədər həssas olmaq lazımdır.
Yetim Qacar
Azərbaycanda keçirilən müsabiqələrin ədalətinə inanmıram amma əsərlər münsiflər heyətinə imzasız təqdim olunsa, bir balaca inanmaq olar.
Yəni münsif kimin əsərinə qiymət verməsindən xəbərsiz olsun.
Fazil Mustafanın təklif etdiyi mükafat fonduna ianələrin qəbul olunması təklifinin əleyhinəyəm.
Əgər müsabiqədə dövlətin imzası varsa, orada kiminsə ianə etməsinə ehtiyac yoxdur. Yəni, dövlət milyonluq layihələrdən geri durmursa, hansısa ədəbi müsabiqənin mükafat fonduna ianə daxil olmasına izin vermək dövlət adına ləkə olar.
Mən belə düşünürəm.
Azərbaycanda bütün müsabiqələr sadəcə bir yazarımızın dediyi kimi, “toyuqlara dən səpməkdir. Amma tək fərqi budur ki, bu müsabiqədə qalibə buğdanı kisə ilə verirlər.”
Elçin Hüseynbəyli
Bu barədə mənim konkret reseptim yoxdur. Təbii ki, bu cür müsabiqələrin keçirilməsi çox vacibdir. Mən də dəfələrlə bu barədə Mədəniyyət Nazirliyinin nümayəndələri ilə söhbətdə bildirmişəm. Bu ədəbiyyata əlavə bir stimul olardı. Ancaq hansı formada keçirilsin, hazır əsərlər, yoxsa anonim əsərlər təqdim olunsun? Bunu mən bilmirəm. Əgər anonim əsərlər təqdim olunacaqsa, münsiflər təbii ki, onu seçməlidir. Ümumiyyətlə, hazır əsərlər də təqdim olunsa, onu münsiflər seçməlidir. Hər ikisinin də öz üstünlüyü və çatışmazlıqları var. Deyək ki, insan indiyə kimi xeyli məşhur əsərlər yazıb. Ola bilsin ki, onu da təqdim edə bilərlər. Orada müəllif bilinərək, açıq şəkildə müzakirəsi keçirilə bilər. Hər bir halda Mədəniyyət Nazirliyinin bu təşəbbüsünün tərəfindəyəm. Alqışlamaq lazımdır.
Aqşin Evrən
Yalnız çap olunmamış əsərlərin müsabiqəyə qəbul edilməsi, müəlliflərin əhəmiyyətli bir qisminin iştirak imkanlarını məhdudlaşdıracaq. Bu hal, uzun illər ərzində, məsələn, 30 illik ədəbi fəaliyyət dövründə yaradılmış, lakin artıq ictimaiyyətə təqdim olunmuş mətnlərin yarışmadan kənarda qalması ilə nəticələnəcək. Belə bir vəziyyətdə anonimlik prinsipinin qorunması, təəssüf ki, mümkün görünmür.
Müsabiqə prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi bir neçə əsas aspektdən asılıdır:
Birincisi, münsiflərə yaxşı qonorar verilməsi zəruridir. Bu, daha peşəkar qiymətləndirməni stimullaşdıracaq.
İkincisi, “dost-tanış seçimi” ilə bağlı mübahisələrin qarşısını almaq məqsədilə münsiflər heyəti müxtəlif ədəbi yönləri və baxış bucaqlarını təmsil edən peşəkar ədəbiyyat nümayəndələrindən formalaşdırılmalıdır.
Üçüncüsü, müsabiqənin beynəlxalq təcrübəyə uyğun, aydın şəkildə müəyyən edilmiş qiymətləndirmə meyarları olmalıdır. Hər bir münsif verdiyi balı həmin meyarlarla əsaslandıra və bu barədə qısa yazılı izah təqdim edə bilər.
Nəhayət, münsiflər heyətinə Azərbaycan ədəbi dilini yetərincə bilən Türkiyə və Güney Azərbaycan ekspertlərinin də daxil edilməsi məqsədəuyğun olardı. Bu, prosesə fərqli estetik baxışların və ədəbi düşüncənin inteqrasiyasını təmin edər.
Təəssüf ki, artıq ilk gündən müsabiqənin şəffaflığına inanmayanlar var. Bu hal əvvəlki illərdə keçirilən müsabiqələrdə müşahidə edilən etimadsızlıq sindromunun davamı kimi qiymətləndirilə bilər. Məhz bu səbəbdən sözügedən ədəbiyyat mükafatı həmin sindromu aradan qaldırmaq üçün ideal fürsətdir.
Taleh Mansur
Ədəbiyyata qayğını, sözə diqqəti böyük savab hesab edirəm. Savabı da gərək ədalət və vicdanla qazanasan. Açığı, digər müsabiqələrdə olduğu kimi, burada da ədalətin qorunacağına şübhə ilə yanaşıram. Hətta şübhəmə bir xeyli əminəm də. Bəzi tənqidçi və ədəbiyyatşünaslar öz ətrafını gördüyü kimi, çox yəqin ki, bu müsabiqədə də bəlli adamlar “zövq oxşayacaq”. Mükafatın məbləği böyükdü, deməli, həqiqətə xidmət etməyən ənənəvi böyük maraqlar da iş başında olacaq. Halbuki belə məqamlarda böyük amallar əsas rol oynamalıdı. Sonu bəlli olan şeylərdən çox danışmaq vaxt itkisidi.
Sevil Gültən
Əvvəla onu deyim ki, ədəbiyyata birdən-birə belə böyük mükafat ayrılmasını düzgün hesab etmirəm. Sanki insanı uzun müddət susuz saxlayıb sonra ona beş litr su verirlər ki, birnəfəsə içsin. Müsabiqə keçirmək, yaxşı əsərləri seçib müəlliflərə təxminən 5 min mükafat vermək, daha sonra o əsərlərin arasından ən yaxşısını seçib başqa dillərə tərcümə etmək olardı. Növbəti mərhələdə tutaq ki, 10 min, daha sonra 20 min mükafat təyin etmək, bir neçə ildən sonra daha yüksək mükafat müəyyən etmək olardı.
Müsabiqənin daha ədalətli təşkil olunması üçün təklif edərdim ki, münsiflər və müəlliflərin kimliyi bilinməsin. Yəni müəllif onun əsərinə kimin qiymət verdiyini bilməsin, münsif də oxuduğu əsərin müəllifinin kim olduğundan xəbərsiz olsun. Və istərdim ki, əsərləri müəllifin özü təqdim etsin, nəşriyyat yox. Mənim fikrimcə müsabiqəyə əvvəllər çap olunmuş kitabların təqdim edilməsi problem yaratmaz. Hansısa yazıçı müəyyən əsərini mükafata layiq hesab edirsə, niyə də onu təqdim etməsin. Nəşriyyatlar məhz özlərinin nəşr etdiyi kitabı təqdim etməlidir, çox güman. Bu, ədalətli deyil.
Və təklif edərdim ki, dünyasını dəyişmiş yazıçı və şairlərin əsərləri də müsabiqəyə təklif edilsin, övladları, yaxud varisləri təqdim edə bilər.
Xan Rəsuloğlu
Kitabçı
Düşünürəm ki, özünün tərəfkeşlik etməməsilə, həqiqətə, ədalətə dırnaqarası baxmaması ilə, xeyirxahlığı, peşəkarlığı və sözsüz ki, ədəbi savadı ilə tanınmış bir neçə, ən azı 9 (vacib deyil onların hamısı bir yerə yığışsın) adamın gizli səsverməsi ilə seçilsəydi, yaxşı olardı. Çünki burada tərəfkeşlik günaha batmaq olar. Bu bir nəfərin şərəfi deyil, Azərbaycanın şərəfidir. Çünki tərcümə olunacaq. Cəmi bir nəfərə veriləcək mükafatda bizim millətin xüsusi bacarığı var ki, nələrin hesabınasa, öz adamını qalib gətirsin. Seçki bülletenlərində atırıq “Məmməd”i çıxır” “Məhəmməd”. Bu yolla seçilən adamın da istedadı ola bilər. Amma başqa bir mənada kim o kriteriyaları təsdiq edir ki, biz də o kriteriyalara uyğun qalib seçək. Təkcə Avropa üçün deyil, Azərbaycan üçün də 50 min çox böyük mükafatdır. Bunu 20 minə qədər endirmək olardı. 20, 15,10 olmaqla, 3 mükafat təyin etmək olardı. Bu prosesə artıq 150 min manatdan çox pul gedəcək. Pul yeyilməsi, silinməsi mütləq olacaq. İşi quranda elə etmək lazımdır ki, pul yeyilməsi prosesləri Baş verməsin. Səsvermə prosesi isə mütləq gizli olmalıdır. “Əflatun mənim dostumdur, amma həqiqət daha üstündür”. Buna əməl edərək, əsərə səs vermək lazımdır. Münsiflər heyəti qəfildən seçilsəydi, yaxud da onların bu ədəbi əsərlərin müəllifini tanımasaydılar Daha gözəl olardı. Qəribə bir proses gedəcək. Tam halda dürüstlüyün olacağına da əminliyim yoxdur. Belə bir məqam xoşuma gəlir ki, heç olmasa Mədəniyyət Nazirliyi bu xoş məramla addım atır və bunun da qarşısında özünü təsdiq etmək istəyən, özünə arxayın olan bir neçə nəfər yəqin ki, ortaya əsər qoyacaq. Bu, həm də yaradıcılığa stimul olacaq. Kaş ki, istədiyimiz səviyyədə olaydı.
Əli Şirin Şükürlü
Fəlsəfə doktoru, şair-esseist, yazıçı
Təbii, bu layihə mədəniyyətə, o cümlədən bədii yaradıcılığa verilən dəyər, dəstək və motivasiya baxımından təqdirə layiqdir. Hesab edirəm dövlətin bu kimi layihələrinin bütün istiqamətlərində, həmçinin elmi-yaradıcı sahələrdə çox olması mədəniyyətimizin inkişafına stimul verən şərtlərdir.
Düşünürəm layihənin ədalətli olması, ilk növbədə, müvafiq komissiya üzvlərinin (ola bilsin digər aidiyyəti şəxslərin) peşəkarlığından, bilik səviyyəsindən, müasir ədəbi proseslərə və tendensiyalara bələd olmasından asılıdır. Çünki yaradıcılıq nümunələrinə təkcə zövq prizmasından yanaşılması obyektiv dəyərləndirməyə mane ola bilən xüsusi göstəricidir.
Müsabiqəyə təqdim olunan əsərlər yeni, müəllif tam anonim olmalıdır. Bu hal subyektivliyi mümkün qədər aradan qaldıra bilər. Çünki bir çox situasiyalarda “ədalət hissi şəxsi münasibətlərlə müəyyənləşir”, çox zaman obyektiv olanla, qeyri-obyektivi ayırmaq da mümkün olmur. Bəzi hallarda “həqiqətlə simulyasiyasının bir-birinə keçidi o qədər kəsilməz olur ki, onların sərhədlərini müəyyənləşdirmək çətin olur.
Zəkiyyə Elruh
Əvvəla jüri üzvlərinin kimliyini sorğulamaq lazımdır. Vicdanı təmiz, bədii zövqü yüksək, dərin intellektə malik, dəmir iradəli insanlar olmalıdır ki, seçimində heç bir təsirə, təzyiqə məruz qalmasın.
Çap olunmamış, tam anonim təqdim edilən əsərlərin təqdimi ilə ədaləti qorumaq mümkün olsaydı, nə dərd… Arif adamlar müəllifi üslubundan tanıyacaq. Tanınan da, sözsüz ki, məşhur adam olacaq, təsirsiz qalmayacaq.
Elnur Astanbəyli
Əvvəlki illərin təcrübəsi bizdə bu cür mükafatların Azərbaycansayağı kriteriyalarla verildiyini dəfələrlə təsdiqləyib. Burada ya şəxsi müstəvidə dostluq, tanışlıq, ya da hökumət dairələri ilə yaxın münasibət rol oynayır. Ümumiyyətlə, bizdə qiymətləndirilmək üçün yaradıcılıq baxımından da, siyasi baxımdan da zərərsiz adam olmalısan. Qəfil soruşdunuz, konkret nümunələr sadalmaqda çətinlik çəkə bilərəm, ancaq biri yadımdadır: illər əvvəl yenə hansısa dövlət qurumu ədəbi müsabiqə keçirmişdi, qaliblərdən biri həmin qurum rəhbərinin eyni zamanda müdiri olduğu kafedrada çalışan iki nəfərə, digəri də hansısa deputatın rayon prokurorluqlarından birində çalışan qohumu idi. Söhbət ondan getmir ki, onlar qalib olmağa layiq idilər ya yox, söhbət ondan gedirdi ki, sadəcə onların statusu müsabiqənin obyektivliyindən quşqulanmaq, ədalətliliyi şübhə altına almaq üçün kifayət idi. Bu mənada mən Azərbaycanda hər hansı ədəbi mükafatlandırmanın sırf ədəbi meyarlarla aparılacağına inanmıram. Vahid Əziz kimi ortababdan da aşağı şairin Xalq şairi, Elmir Axundova kimi ədəbiyyata dəxilsiz adamın Xalq yazıçısı olduğu yerdə kimsə inanırsa, ona da artıq bir söz deyə bilmərəm. Hərənin öz sadəlövhlük dərəcəsi var… Ədalətliliyə nail olmağın ağlabatan yolu qiymətləndiricilərin xarici ölkələrdən cəlb edilməsidir. Ancaq onlar da Azərbaycan dilində mətn oxumaq imkanında olmadıqları üçün haqqında soruşduğunuz müsabiqənin ədalətli olacağına ancaq ümid eləmək olar, çünki yalnız ümid sonda ölür.
O ki qaldı müsabiqənin çap olunmamış, tam anonim təqdim edilən əsərlərlə keçirilməsinə gəlincə, bunun da çox şeyi dəyişəcəyinə inanmaq çətindir. Əvvəla, burada gizlilik yenə şərti məfhum olacaq, kiçik ölkəyik, ədəbi mühit ondan da kiçikdir, hər hansı formada onsuz da qiymətləndiricilərin qulağına xəbər ya gedib çatacaq, ya da çatdırılacaq. İkincisi, tanınmış müəlliflərin əsərlərindən dil-üslub, mövzu, bədii həll baxımından onların kimliyini təxmin etmək də mümkündür. Ümumiyyətlə isə ədəbiyyata, ədəbiyyat adamlarına rəsmi dairələrin münasibəti sovet meyarlarından kənara çıxmadıqca, cəmiyyətdə, o cümlədən ədəbiyyatda kök salmış neopotizm aradan qalxmayınca hər hansı işdə obyektivlik, ədalətlilik həmişə şübhə altına düşəcək. İstedada, istedadın ortaya qoyduğu məhsula münasibət ya şəxsi əlaqələr, yerlibazlıq, dostbazlıq, dəstəbazlıq, qohumbazlıq kimi iyrənc kriteriyalarla, ya da siyasi konyuktura ilə ölçülməyə davam edəcək.
Nicat Həşimzadə
Azərbaycan ədəbiyyatı adına böyük uğurdur. Mükafat dəyəri də gözəldir. Təklif olaraq çox yaxşıdır, ancaq icra edilməsi necə olacaq? Əsas olan budur. Əsərləri anonim qəbul edib-etməyəcəklərini bilmirəm. Sözün düzü şərtlərlə tam tanış deyiləm. Adətən bizdə münsiflər heyətini anonim saxlayırlar, amma hamı bilir. Sözün düzü, Mədəniyyət Nazirliyinin bu təşəbbüsü məni sevindirdi, ancaq mən Azərbaycandakı ədəbi müsabiqələrin obyektivliyinə inamımı çoxdan itirmişəm. Qaliblər təyin olunanda hər şey aydın olunacaq. Bizdə təəssüf ki, çox şey fərqlidir. Qaliblər əvvəldən təyin olunur, sonra müsabiqə başlayır. Ancaq Mədəniyyət Nazirliyinə inanıram, düşünürəm ki, bu müsabiqə digərlərinə bənzəməyəcək, şəffaf olacaq. Son illərdə Mədəniyyət Nazirliyinin təşəbbüsləri artıb, bu hallar bir mədəniyyət adamı kimi məni sevindirir. Yaşayaq, görək, başımıza nə gəlir.
Doğrusu, mən bu cür müsabiqələrin obyektiv keçirilməsinə zərrə qədər də inanmıram. Məncə bu mükafatlı (həm də 50.000 manat məbləğində) müsabiqənin də taleyi “Qızıl Kəlmə”nin taleyi kimi olacaq. İllər öncə bir cızmaqaraçı mənə bir hekayəsini göndərmişdi ki, oxuyum münasibət bildirib. Mövzusu primitiv olan bu hekayə o qədər cılız, hətta orta məktəb şagirdinin yazdığı inşadan da zəif idi. Orfoqrafik və qrammatik səhvlər mətndən çox idi, desəm, inanın. Dolayısı ilə bildirdim ki, bu yazı zəifdir, güclü redaktəyə, korrektəyə ehtiyacı var və s. Bir-iki gün sonra həmin yazı qəzetlərdən birində dərc olundu, 3-4 ay keçməmiş “Qızıl Kəlmə” mükafatına layiq görüldü…
Bu gün ədəbi mühitdə elə bir xaos var ki, at izi it izinə qarışıb. Obyektiv olmaq, layiq olanları seçib mükafatlandırmaq çox böyük cəsarət və “12 slindrli ürək” istəyir. O da ki, çətin kimdəsə ola…
Bu müsabiqənin obyektiv olması üçün təkliflərim bunlardır 1. Müsabiqə komissiyasına müxtəlif ədəbi qurumları təmsil edən peşəkar ədəbiyyat adamları seçilsin. 2. Müsabiqə kiçik bir nizamnamə tərtib etsin və orda bildirilsin ki, müsabiqə elan olunandan bitənəcən heç kim heç kimə xahişdə bulunmasın Qaldı ki “Sizcə müsabiqə yalnız çap olunmamış, tam anonim təqdim edilən əsərlərlə keçirilsə daha ədalətli olar?” sualına, məncə də bu, ədalət prinsipinə daha yaxın olardı.
Öncə belə bir ədəbiyyat müsabiqəsi təşkil etdiyi, mükafat ayırdığı üçün Mədəniyyət Nazirliyinə minnətdarlığımı bildirirəm. Hazırda əksər sahələrin sosiallaşdığı, humanitar sahənin geriyə çəkildiyi bir vaxtda ədəbiyyata, kitaba olan diqqət tədqirəlayiqdir. Bu müsabiqə yazıçılarımızın yaradıcılığına stimul və təkan verəcək.
Bütün müsabiqələrdə olduğu kimi, bu müsabiqənin ətrafında da söz-söhbətin yaranacağı gözləniləndir. Təbii ki, iş görülürsə, mübahisələr, müzakirələr, inciyənlər, razı qalan və qalmayanlar olacaq. Bəzi yazarlar indidən müsabiqənin ədalətsiz olacağana dair şübhələrini də gizlətmir. Ancaq unutmayaq ki, müsabiqəni təşkil edən də, əsərləri təqdim edən, qiymətləndirən də bizlərik. Hər birimiz vicdanlı olsaq, yəqin ki, hər şey öz qaydasında gedər. Odur ki, indidən pessimizmə qapılmayaq.
Mənim fikrimcə, müsabiqə zamanı bəyənilən əsərlərin qısa siyahısı (20-lik, 10-luq və 5-lik şəklində) sosial şəbəkələrdə açıq şəkildə səsverməyə qoyularsa, daha müsbət nəticə verər. Belə olduqda həm oxu prosesi güclənər, müsabiqəyə maraq artar, həm də daha ədalətli seçim olar.
İstəyərdim ki, müəlliflər öz əsərlərini özləri tədim etsinlər. Çünki nəşriyyatlarda hər il minlərlə kitab çap olunur. Və nəşriyyatların çoxu heç nəşr etdiyi kitabların məzmunu, bədii çəkisi ilə tanış deyil. Yəni hazırki durumda nəşriyyatlar dəyər göstəricisi ola bilməz. Onların hansı kitabı qiymətləndirib müsabiqəyə göndərməsi, düzgün seçim etməsi, dost-tanışa üstünlük verməyərək ədalətli olması şübhəli görünür.
Məncə, müsabiqədə kitabların nəşr olunma tarixi ilə bağlı məhdudiyyət qoyulmalıdır. Çünki dəstək əsasən müasir ədəbiyyatın inkişafına yönəldilib.
Müsabiqənin yalnız çap olunmamış, tam anonim təqdim edilən əsərlərlə keçirilməsi fikrinə müsbət yanaşmıram. Çünki əvvəllər keçirilən bir çox müsabiqələrdən də məlumdur ki, bizdə münsif -müəllif tandemi heç vaxt gizli qalmır. Yazarlar hansı yollasa münsifləri müsabiqənin elə ilk günlərindən tanıyır, yəni onsuz da heç nə anonim qalmır. Hər şey açıq olsa daha yaxşı nəticə verər.
Hər halda, uğurlar diləyir və Mədəniyyət Nazirliyi tərəfindən belə layihələrin davamlı olmasını arzulayıram.
Çox yaxşı təşəbbüsdür. Ədəbiyyatın inkişafı üçün belə müsabiqələr vacibdir. Lakin əsas məsələ müsabiqənin şəffaf və peşəkar şəkildə təşkil olunmasıdır.
Belə xəbəri eşidəndə adam anidən sevinir və anidən də məyus olur. Çünki o qədər saxtakarlıqla qarşılaşmışıq ki. Bilirsiniz, saxtakarlıq etmək yalnız müəlliflərə yox, bütövlükdə ədəbiyyata xəyanətdir. Bu cür oyunlar təkcə yazarları deyil, elə oxucuları da iyrəndirir. Bizim bir tənqidçi var, (mənim bu işarəmdən hamınız tanıyacaqsınız) bütün müsabiqələrdə münsif kimi yuxarı başda oturur. Adamı rəsmən çağdaş ədəbiyyat saxtakarlığının banisi hesab etmək olar. Məsələn o, olan müsabiqələrə mən artıq qatılmıram. Bilirəm ki, müsabiqədə yer tutmasam, demək ki, haqqımı kiməsə verib. Yox, əgər yer tutsan, o zaman kiminsə haqqını mənə verib. Odur ki, uzaq dururam.
Gəlin ümid edək. Ümid edək ki, obyektiv qiymətləndirilmə aparılacaq və həqiqətən layiq olan ön plana çıxacaq. Qoy bizdə də ədəbiyyatın üzü gülsün, yazıqdır.
Bütün hallarda münsiflər (jüri) heyətinin müəyyənləşməsi subyektiv olacaq. Yəni kimlərsə heyəti başqalarından təşkil olunmasını məqbul sayacaq-filan. Amma bunun özü də subyektiv yanaşma olacaq. Əlbəttə ki, müsabiqəni keçirən özü də qiymətləndirmə heyətini müəyyənləşdirməlidir. Bununçün hansı mexanizm tətbiq olunacaq, o da bir başqa məsələdir və bu cür detallara ilişib də ümumi işi əngəlləməyi doğru hesab etmirəm.
Hər halda təşəbbüs təqdirəlayiqdir. Bu artıq Nazirliyin mahiyyətcə irimiqyaslı bir prosesə start verdiyinə işarədir. Nticədən asılı olmayaraq bu cür təşəbbüslər ənənənin, mexanizmlərin formalaşması baxımından çox önəmlidir.
Təklifə gəlincə, məncə müsabiqəyə yalnız çap olunmamış əsərləri qəbul etmək düz olmaz. Çünki ölkədə ilk dəfədir bu məbləğdə mükafatla ədəbi müsabiqə keçirilir. Başqa əsərlərin də haqqı var prosesdə iştirak etməyə. Ona gərə hesab edirəm ki, 2025-dən geriyə doğru bəlli bir dövrün (məsələn, son 10 il, yaxud son 5 il və s.) əsərlərini götürmək olar.
Bütün yaş dövrünün iştirakı mütləq olmalıdır. Çünki istedadın ölçü meyarı yaş deyil və ola bilməz. Yaradıcılıq baxımından isə yaşlı nəslin təcrübəsi varsa, yeni nəslin də psixoloji üstünlüyü, motivasiyası və informasiya əldə etmək çevikliyi var.
Ona görə məncə hamı iştirak etməlidir.
Və nəhayət, ədalət məsələsi:
Ədalət çox mücərrəd anlayışdır. Dünyada istər yarışma, istər müsabiqə və s. heç biri hamı tərəfindən ədalətli hesab edilmir. Kimlər üçün ədalətli olan proses kimlərçünsə ədalətsiz sayılır. Ona görə də, məncə prosesdə şəffaflıq əsas götürülməlidir. Onun təminatı üçün uğurlu mexanizm seçilib tətbiq edilməlidir. Bunu etmək mümkün olsa, çoxluğun ədalətli hesab edəcəyi müsabiqə keçirmək mümkün olacaq.
Mümkün qədər çalışmaq lazımdır ki, prosesi ictimaiyyət də müşahidə edə bilsin.
Azərbaycan Kitab Mükafatı maraqlı təşəbbüsdür. Ancaq baş tutacağına o qədər də inanmıram. Amerika Milli Kitab Mükafatı formatında bir layihə hazırlayıb, 2023-cü ildə Mədəniyyət Nazirliyinə təqdim etmişdim. O vaxt Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri vəzifəsində çalışan Akif Maarifli xeyli demokrat və yenilikçi təşəbbüslər irəli sürürdü. Eyni zamanda AYB üzvü olmayan yazıçıların da Mədəniyyət Nazirliyinin layihələrində iştirakında maraqlı idi. Dəfələrlə Kitab Mükafatı ilə bağlı görüşlərdə, müzakirələrdə iştirak etdiyim üçün, bu layihənin baş tutacağına inamım azdır. Amma düşünürəm ki, çox gözəl və lazımlı təşəbbüsdür. Artıq təkrar təkliflər vermək istəmirəm, çünki vaxtımı və enerjimi Nazirliyin bəlkə də heç vaxt baş tutmayacaq, baş tutsa da uğurlu olacağına inanmadığım işlərə sərf etmək istəmirəm.
İstənilən müsabiqəni ədalətli keçirmək mümkündür, – formatı nə olursa olsun. Sadəcə məsələyə vicdanlı, məsuliyyətli, ədəbiyyatın təəssübünü çəkən ləyaqətli təşkilatçılar, ekspertlər lazımdır.
Ümid edək ki, Mədəniyyət Nazirliyi növbəti dəfə fiasko yaşamayacaq.
Əvvələn qeyd etmək lazımdır ki, belə bir müsabiqənin keçirilməsi müsbət haldır. Bir çox ölkələrdə buna oxşar yarışmalar keçirilir. Bu da yeni yazıçıların, müəlliflərin üzə çıxmasına şərait yaradır. Amma burada qalibə verilən yüksək məbləğdən daha çox, yarışın necə keçiriləcəyi əsas müzakirə məsələsi olmalıdır.
Münsiflər heyətinə seçilən (yazıçı, jurnalist, akademik və s) Azərbaycanda öz nüfuzu, əsas da ədaləti, etibarı ilə cəmiyyət tərəfindən qəbul edilən şəxslər olmalıdırlar. Münsiflər arasında həmçinin daim əsərləri oxuyan, düzgün təhlil edən, araşdıran oxuculardan heç olmasa bir nəfər olsa bu, düşünürəm ki, məsələnin təkcə akademik səviyyədə dəyərləndirilməyəcəyini göstərər. Həmçinin kitab oxumağın da əhəmiyyətini artırar.
Münsiflər bir bəyannamə imzalamalıdırlar. Burada qeyd etməlidirlər ki, onlar əsəri göndərən şəxslə heç bir şəxsi dostluq əlaqəsinə malik deyil. Əsərin müəllifi ilə qohum deyil. Onunla indi və əvvəllər birgə, eyni işdə işləməyiblər. Əgər münsiflər nə vaxtsa müəllimlik fəaliyyəti ilə məşğul olublarsa, bəyannamədə münsif müəllifin onun tələbəsi, şagirdi olmadığını qeyd etməlidir.
Qalib üç mərhələ əsasında seçilərsə daha düzgün olar. Müəlliflərin uzun siyahısı hazırlanır. Orada əsərlər ələnir. Seçilən əsərlər qısa siyahıya keçirilir. Burda ələnmə prosesi təkrarlayır. Sona qalan 4-5 əsər final mərhələsinə salınır. Bunların hesabatları da ictimaiyyətə təqdim olunur. Beynəlxalq ədəbiyyat müsabiqələri – Booker və Pulitzer buna gözəl nümunədir.
Anonimlik belə müsabiqələr üçün ilk dəfə keçirilirsə, tətbiq edilə bilər. İnsanlar, oxucular yarışmanın düzgün keçirilməsinə, münsiflərin ədalətli qərarlar verməsinə tam əmin olandan sonra anonimlik ortadan götürülə bilər. Əsərin çap olunmamış olması daha yaxşı olar. Amma düşünürəm ki, bunun önəmi o qədər də yoxdur.
Məncə ədalət prinsipi üçün prioritet hədəflər olmalıdır. İndi bilmirəm, bu mükafatı təsis etməkdə məqsəd nədir? Əgər Azərbaycan ədəbiyyatının inkişafı və ədəbiyyat nümunələrinin dünyada tanıdılmasıdırsa, təqdim olunan əsərlər juriyə konfidensial qaydada təqdim edilməlidir, çünki heç kimə sirr deyil ki, ölkədə yeni nəsil Azərbaycan ədəbiyyatı nümayəndələrinə barmaqarası münasibət var, hamısını işsiz-gücsüz adam hesab edirlər. Ümumilikdə çox yaxşı təşəbbüsdür. Azərbaycan kimi neft ölkəsində nüfuzlu ədəbiyyat mükafatının olmaması xoşagəlməzdir. Ümid edirəm, bu mükafat özündən sonrakı mükafatlar üçün qapı açar.
Kazım Kazımoviç
Əvəlla bu işıqlı xəbəri payızın son günləri eşitməyim mənə bir başqa cür əhval-ruhiyyə bəxş etdi. Nə təsadüf ki, artıq 10-ildir üzərində işlədiyim romanımın son akkordlarını vururam. Bundan ziyadə sualınızın cavabı olaraq onu deyə bilərəm ki, belə bir mübarək imza atanlar çox güman ki, ədalətin təminatına münbit şərait yaradacaqlar. Bu səbəbdən heç bir təklif planı ağlıma gəlmir. Qismət nədirsə o olacaq.
Bu aspektdən baxmağı həm dəstəkləmək istəyirəm həm də yox.
Əgər bu belə olarsa, mövcud bir əsər, yəni müsabiqəyə qatılmayan X yazıçının əsəri deyək ki, çox gözəldi, tutaq tənqidçilər tərəfindən belə bəyənilib və s. Belə olan halda müsabiqədə qalib olan kitabla ədəbi mühitdə uzun zaman bu barədə danışılacaq və mübahisələr olacaq. Biri deyəcək əslində bu layiq idi. Nə olsun ki, daha öncədən çap olunub. Qısacası bu aspektən yanaşmaq da tam ədalət rəmzi sayılmaz. Məsələ olduqca qəlizdir. Hər halda hər kəsə uğur diləyirəm. Daxilimdə isə sarsılmaz bir inam var. Qalib çox güman özüm olaram.
Ümumiyyətlə, dünyada anoloji mükafatlar ən çox rezonans doğuran kitablara verilir.
Tək münsiflərin subyektiv baxışları ilə qalibin müəyyənləşdirilməsi ədalətli seçim sayıla bilməz.
Həm yüksək bədii səviyyəsi, həm ictimai çəkisi, həm yüksək satış həcmi, həm ədəbi tənqidin diqqətini çəkən – ümumən ədəbi hadisə hesab edilən kitab qalib olmalıdır.
Hazırladı: Dəniz Pənahova































