Həkimlər insanların sağlamlığı keşiyində dayanan, ən çətin, məsuliyyətli, gecəsi-gündüzü olmayan peşə sahibləridir. Biz ağlamlığımızı, bütövlükdə taleyimizi etibar edirik onlara.
Həqiqətən, çətin bir peşədir həkimlik. Çünki insanların sağlamlığıdır onların işinin mahiyyəti. Canlı varlıqlarla təmasdadır onlar. Bir kiçik səhv ilə həyatı tamamlanan, bir məsuliyyətli yanaşma ilə ölümdən xilas edilənlərlədir onların işi.
İnsan amili… İnsan sağlamlığı bütün ağ xalat geyinənlərin fəaliyyətinin prioritetidir. Tək fəaliyyətininmi? Xeyr, insan amili həm də onların hər birinin insanlığa dəyəri, qiymətidir. Çünki bu dəyər olmasa, məsuliyyət olmaz, məsuliyyət olmasa, insanlar sağlamlığını-həyatlarını itirər.
Bu məqaləmizdə biz şəfalı əlləri, məsləhət və tövsiyələri ilə can qurtaran, sağlamlığımızın keşiyində dayanmağı özünə həyat amalı seçən xilaskar Həcər Posu qızı Namazova haqqında söz açmağı qərara aldıq.
Bu gün Həcər Posu qızı Namazovanı tanıyanlar böyük qədirbilənliklə onu mərhəmət mücəssəməsi, el anası, ürəyinin odundan ailələrə nur paylayan insan adlandırırlar. Özünü təsdiq edən insanların ömrü onların əməlləri ilə ölçülür.
Ömür yoluna bir nəzər
Həcər Namazova böyük bir nəslin davamçısıdır. O,1958-ci ildə Qazax Rayonunun Dağ Kəsəmən kəndində Posu Namazovla Püstə Namazovanın ailəsində dünyaya göz açıb. 1977-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub.1983-cü ildə Tovuz Rayon Mərkəzi Xəstəxanasında internatura keçib. 1989-1993-cü illərdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Çaparlı kənd həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işləyib. 1993-2005-ci illərdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında Təcili tibbi yardım şöbəsində şöbə müdiri vəzifəsində çalışıb. 2005-2017-ci illərdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Konsultativ poliklinikasının müdiri vəzifəsini icra edib. 2017-ci ildə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında ailə həkimi işləyib. 2023-cü ildən Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində çalışır.
Təcili tibbi yardım şöbəsinin təşkilində böyük əmək sərf edərək bu tibb ocağının maddi texniki bazasını günümüzün tələblərinə uyğun yüksək səviyyədə təşkil edən Həcər xanım kadr seçiminə də xüsusi diqqət yetirir. O, həkim personalını işə götürəndə həmin şəxsin peşə bacarığını, elmi səviyyəsini müfəssəl öyrənir. Nəinki həkimlər, hətta orta və kiçik tibb işçiləri də Həcər xanımın “süzgəcindən” keçdikdən sonra işə qəbul edilirlər. Beləliklə, bacarıqlı və istedadlı rəhbər az zaman içərisində yüksək professionallığı ilə seçilən tibbi heyəti olan, ciddi sanitariya rejimli, nümunəvi, böyük bir tibb ocağını qurmağı bacarıb.
Yaxşılıq unudulmur
Ağstafa səhiyyə tarixində Həcər xanımın danılmaz xidmətləri var. Onu çox fədakar və gözəl insan, xeyirxah həkim kimi xatırlayırlar. Xəstəxanada vəziyyət gərgin olan vaxtlarda o, günlərlə evə getmir, ağır xəstələrin yanında qalır, onları şəxsi nəzarətindən kənarda qoymur.
Son dərəcə fədakar insan olan Həcər həkimin, demək olar ki, şəxsi həyatı olmayıb. O, bütün həyatını xalqın sağlamlığına həsr edib.
Hər gün səhər saat səkkizdə keçirilən gündəlik kollektiv toplantısından sonra həkimlərlə bərabər şöbəyə baş çəkər, palataları gəzər, xəstələrin vəziyyətilə şəxsən özü maraqlanar.
Belə bacarıqlı, qabiliyyətli, işinin vurğunu olan Həcər xanım xəstələrə xoş əhvali-ruhiyyə, yeni həyat sevincləri bəxş edir.
Mən şəfalı əlləri olan Həcər həkimə, eyni zamanda həmin tibb ocağının PHŞ-in direktoru Səyyad Yusifova və baş həkimi Teyyub Carçıyevə və bütün tibb personalına işlərində bol-bol uğurlar və bitib-tükənməyən sevincli illər arzulayıram. Qoy həmişə onların şəfalı əlləri xəstələrə sağlamlıq bəxş etsin.









