Hikmət Hacıyevdən Azərbaycan adına böyük ifşa, ciddi tələb və qəti gözlənti...

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məşhur fotoqraf Rza Deqatinin ona Azərbaycanın itkin düşmüş şəxsləri haqqında kitabını təqdim etdiyini bildirib. Prezidentin köməkçisi bu barədə X hesabında paylaşım edib.
Hazırda 4 010 Azərbaycan vətəndaşının itkin düşmüş şəxs kimi qeydiyyatda olduğunu bildirən Hikmət Hacıyev, Ermənistandan 200-dən çox kütləvi məzarlığın yeri ilə bağlı açıqlama gözlədiklərini də qeyd edib.
Hikmət Hacıyev Ermənistanın 2020–2023-cü illərdə keçmiş təmas xətti boyunca basdırılmış minaların xəritələrin verməsi gərəkdiyini də vurğulayıb. O, bildirib ki, uzunluğu 440 kilometrdən, dərinliyi isə 2 kilometrdən çox olan ərazidəki minalar mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olmaqda, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına maneə təşkil etməkdə davam edir.
Hikmət Hacıyevin bu paylaşımı həm Ermənistanın soyqırımı cinayətləri və mina terrorunu ifşa etmək, həm də Azərbaycanın rəsmi İrəvanla bağlı tələb və gözləntilərini ortaya qoymaq baxımından mühüm əhəmiyyət kəsb edir.
İlk növbədə qeyd edək ki, Hikmət Hacıyevin sözügedən paylaşımından məlum olur ki, işğaldan azad edilən ərazilərdə aşkar edilən 32 məzarlıqdan başqa hələlik dəqiq yeri məlum olmayan 200-dən çox məzarlıq mövcuddur ki, bu da xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin miqyasından xəbər verir. Bu, erməni faşizminin xalqımıza qarşı hansı miqyasda və necə böyük amansızlıqla qətliyam siyasəti yürütdüyünü göstərir.
İkincisi, Hikmət Hacıyevin paylaşımı Ermənistanın atması gərəkən addımları bir kəs daha rəsmi İrəvann diqqətinə çatdırır. Bunlardan biri kütləvi məzarlıqların yeri haqqında məlumatları, digəri isə minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən ibarətdir. Hansı ki, Ermənistan bu cinayətlərdən heç biri haqqında informasiya vermək, Azərbaycanı məlumatlandırmaq istəmir. Bunun özü Ermənistanın sülh istəyinin səmimiliyini şübhə altına alır, regionda uzunmüddətli və etibarlı sülh üçün daha sağlam mühitin formalaşmasına imkan vermir.
Ümid edirik ki, rəsmi İrəvan Cənubi Qafqazda sülh və qarşılıqlı eimadın möhkəmlənməsi üçün Azərbaycanın haqlı tələb və gözləntilərini yerinə yetirəcək, bununla da sözdə deyil, həm də əməli baxımdan sülhə hazır olduğunu isbatlayacaq.
Seymur ƏLİYEV
