Ötən axşam mərhum deputat, jurnalist Sirus Təbrizliyə həsr olunan “Kəramət mücahidi” kitabının təqdimat mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Sirius Yayın Evi”nin təşkilatçılığı ilə işıq üzü görən və mərhum yazar, jurnalist Məmməd Muradın müəllifi olduğu “Sirus Təbrizli – Kəramət mücahidi” kitabı oxuculara təqdim olunub.
Tədbirdə ədəbiyyat və ictimaiyyət nümayəndələri, ziyalılar və tanınmış simalar iştirak ediblər. Çıxışlarda Sirus Təbrizlinin yaradıcılığı, ictimai fəaliyyəti və kitabın əhəmiyyəti barədə fikirlər səsləndirilib.
“Atam haqqında yazılan bu kitabda əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bu gün burada onu sevənlər, dostları və yaxınları toplaşıb. Kitabın redaktoru Kərim Kərimli, ikinci redaktoru Aynur Əlifqızı, korrektoru Fəridə Ziyadova, kitabın dizayneri Elnarə Heybətovadır. Hər birinə öz təşəkkürümü bildirirəm”.
Təqdimatda iştirak edən professor, ictimai-siyasi xadim, əməkdar elm xadimi Şahlar Əsgərov çıxışı zamanı bildirib ki, Sirus Təbrizli sənət üçün doğulmuş Azərbaycanlı idi:
“O Təbrizdə doğulmuşdu. Sirus mənafe daşıyıcısı olmayıb, ictimai mənafe daşıyıcısı olub. Videolarda da var — Vətən üçün çalışıb, özü üçün çalışmayıb. Hətta yadımdadır, nazir olanda mikrorayonda, şəhərdən uzaq bir ərazidə yaşayırdı. Ona ev təqdim etmək istəyəndə qəbul etməmişdi. Demişdi ki, “Mən nazir seçilmişəm deyə şəhərin mərkəzinə köçməli deyiləm”.
Bax, bu dərəcədə sadə və prinsipial insan idi. Ona görə də Azərbaycanın yeni dünyaya qoşulması üçün açıq şəkildə xidmət edib, böyük əmək sərf edib”.
Xalq şairi Vahid Əziz çıxışı zamanı bildirib ki, istər Sirus Təbrizli, istərsə də Məmməd Muradla çox yaxın dost olublar:
“Allah hər ikisinə də rəhmət eləsin. Bu iki insan hər zaman yaşayacaq. Onlar haqqında bir-iki cümlə danışmaq kifayət etməz. Çünki təkcə sənətləri ilə deyil, xarakterləri, insanlara verdikləri dəyər və yaddaşlarda qoyduqları izlərlə də xatırlanırlar. Belə insanlar fiziki olaraq aramızdan getsələr də, illərlə dinlənilən xatirələrdə və insanların qəlbində yaşamağa davam edirlər”.
Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu Etibar Məmmədov çıxışı zamanı bildirib ki, hər gün görüşdüklərini bildirib:
“O, ideyanı həyata keçirmək üçün lazım olan fəaliyyəti təşkil etməyi və onu reallaşdırmağı bacaran bir insan idi. Onun qızları bu gün bizi buraya toplayıb və bu tədbiri təşkil edib. Buna görə onlara təşəkkür edirəm”.
Kitab təqdimatı Sirus Təbrizli ilə bağlı bölüşülən xatirələrlə davam edib. Çıxış edənlər onun təkcə ictimai-siyasi fəaliyyəti ilə deyil, insanlarla münasibəti, sadəliyi və prinsipial mövqeyi ilə də yadda qaldığını vurğulayıblar.
Lamiyə Məmmədova
Fotolar- Pərvin Zeynal

















