Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə səfərləri yeni yaşayış kompleksləri, infrastruktur obyektlərinin açılışı ilə yanaşı mövcud geopolitik durum və dövlətimizin mövqeyi ilə bağlı ciddi mesajları ilə yadda qalır. Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi bildirib ki, dövlət başçısının Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi tarixi yolun, qazandığı böyük Zəfərin və postmüharibə dövründə həyata keçirilən quruculuq siyasətinin növbəti mühüm təqdimatı oldu: “Prezidentin bu çıxışı Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb, eyni zamanda şərəfli yolun siyasi və tarixi mənzərəsini bir daha aydın şəkildə ortaya qoydu. Dövlətimizin başçısının çıxışı təkcə Zəngilanın bərpası və bölgədə aparılan quruculuq işləri ilə bağlı deyil, bütövlükdə Azərbaycan dövlətinin keçdiyi yolun, xalqımızın yaşadığı ağır sınaqların, qazandığımız tarixi zəfərimizin və ölkəmizin qarşıda duran strateji hədəflərin dərin təhlili kimi xüsusi əhəmiyyət daşıyır”.
Vəhdət lideri onu da qeyd edib ki, Qalib Komandan Bölgədə daimi sülh və əməkdaşlığın bərqərar olması üçün gərəkən mesajlarını verməklə yanaşı ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyətindən danışıb: “Ötən ilin dekabrından rəsmən tarixin zibilliyinə atılmış bu üzdəniraq quruma həmsədr ölkələrin hərəsinin öz marağına görə işğalı rəsmiləşdirmək istəməsinə, ölkəmizə təzyiqlər göstərilməsinə təzədən diqqət çəkib. Son illərin təcrübəsi göstərdi ki, Azərbaycan və Ermənistan ikitərəfli formatda müxtəlif məsələlər üzrə daha tez razılığa gələ bilər, nəinki çoxtərəfli masa ətrafında. Çünki zaman göstərdi ki, vasitəçilər heç də həmişə saf məqsədlər güdmür – o ki ola Rusiya və Fransa kimi dövlətlər. Məhz bu səbəbdəndir ki, Avropa Parlamenti indiyədək sakitləşməyib və Zəfər savaşından sonra bu ikiüzlü qurum həyasızcasına ölkəmiz əleyhinə 14 qətnamə qəbul edib. Əfsus ki, günü bu gün də Azərbaycandan düşmən düzəldib erməni cəmiyyətində Türkə nifrəti körükləyən xarici qüvvələr var. Prezident özünü Ermənistana yeni havadar qismində sırıyan bu missiya haqda da onun layiq olduğu sözləri deyib: Sitat: “Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın “müşahidəçiləri” guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq”.
Adəm bəy Zəngilandan anti-Azərbaycan qüvvələrə ünvanlanan ismarıcları şərti sərhədlərdə düzülən Avropa İttifaqının casus şəbəkəsinin və onların sahiblərinin ciddi şəkildə dinləməsinin gərəkliliyinə diqqət çəkib:”Bu xəbərdarlıqlar Avropa İttifaqında da, digər Avropa təşkilatlarında da ciddi şəkildə qəbul edilməli və nəticələr çıxarılmalıdır. Əgər zamanında indiki ilə müqayisədə çox fərqli olan bir ölkənin, bir ordunun qarşısını kəsə bilmədilərsə, zəfərimizin qarşısını ala bilmədilərsə, bundan sonrakı addımlarımıza da mane olmaq iqtidarında olmayacaqlar, unutmasınlar! Müharibələr, enerji böhranları, ərzaq təhlükəsizliyi ilə bağlı risklər bir çox bölgələrdə qeyri-sabitlik yaradır. Belə bir zamanda Azərbaycanda hökm sürən sabitlik ölkənin strateji əhəmiyyətini daha da artırır. Enerji və nəqliyyat layihələri, beynəlxalq tədbirlər və qlobal əməkdaşlıq platformalarında iştirak Azərbaycanın regional çərçivədən çıxaraq daha geniş siyasi təsir imkanları qazandığını göstərir. Zəngilandan verilən mesajların əsas mahiyyəti də məhz budur: Azərbaycan artıq öz taleyini özü müəyyən edən, regionun gələcəyinə istiqamət verən güclü dövlət kimi çıxış edir. Müharibədən sonra yaranan yeni mərhələdə ölkə həm təhlükəsizlik, həm inkişaf, həm də siyasi iradə baxımından bölgənin əsas söz sahibinə çevrilib.”









